“Buraxdığımız qoldan sonra ayıldıq”
21.08.2009 - 12:55
“Buraxdığımız qoldan sonra ayıldıq”
“Bakı” məğlub olsa da, məndə yaxşı təəssüratlar oyatdı. İstənilən rəqibin əsəbləri ilə oynaya bilərlər. Belə komandalara qarşı mübarizə aparmaq həmişə çətin olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsveçrənin “Bazel” klubunun futbolçusu Marko Streller deyib.

Avropa Liqasının dördüncü təsnifat mərhələsində “Bakı” üzərində 3:1 hesablı qələbədə dubla imza atan hücumçu bildirib ki, buraxılan qol oyunun gedişinə böyük təsir göstərib: “Buraxılan qola qədər “Bakı” çox yaxşı təsir bağışladı. Lakin hesabda geri düşdükdən sonra özümüzə gəldik, ayıldıq və arzuladığımız nəticəyə nail olduq”.

Streller “Bakı”nın heyətində bir necə futbolçunu bəyənib: “Yeni hücumçunuzu fərqləndirmək olar. Bundan başqa, yarımmüdafiədə oynayan 10 nömrəli futbolçu (Amiran Muciri - red.) da yaxşı təsir bağışladı. Amma “Bakı” əsasən komanda şəklində mənim xoşuma gəldi”.

Avqustun 27-də İsveçrədə baş tutacaq cavab görüşü barədə də söz açan “Bazel”li arxayınlaşmaq lazım olmadığını söyləyib: “Səfərdə qələbə qazanmağımıza baxmayaraq, qrup mərhələsinə vəsiqəni təmin etdiyimizi deməzdim. Arxayınlaşmaq olmaz. Cavab görüşü “Bakı” üçün asan keçməyəcək. Rəqibə hörmət edirik, lakin təkrar oyun ərəfəsində bizim böyük üstünlüyə malik olduğumuzu nəzərə almaq lazımdır”.

Qeyd edək ki, Streller 71-ci və 74-cü dəqiqələrdə “Bakı”nın qapısına yol tapıb. Komandamızın məyus edən sonuncu “Bazel”li isə Bencamin Hüggel (77-ci dəqiqə) olub.

Mənbə: extratime.az
0