“Kimin pulu yoxdursa, Azərbaycan kubokuna qatılmasın”
21.08.2009 - 16:50
“Kimin pulu yoxdursa, Azərbaycan kubokuna qatılmasın”
Azərbaycan futbol çempionatının I divizionunda 2009/10 mövsümündə qalib gələcək komandaya 100 min, ikinci yerin sahibinə isə 70 min manat mükafat veriləcək. Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Bu gün I divizionun püşkatma mərasimində çıxış edən Musayev Gəncə və İmişli futbol ictimaiyyətini təbrik edib: “Gəncəlilərin gözləri aydın olsun! Nəhayət, “Gəncə” çempionata qayıtdı. İmişlini təmsil edən “MKT-Araz” da üzümüzə gələn mövsümdə yarışacaq. Bu komandaların çempionatda iştirakları sevindirici haldır”.

PFL prezidenti vurğulayıb ki, I divizion klublarına daha böyük diqqət göstəriləcək: “Elə düşünməyin ki, I divizion Premyer Liqanın kölgəsində qalacaq. Biz I diviziona hətta Premyer Liqadan da çox diqqət göstərəcəyik. Hakimlərdən çəkinməyin! Sizə uğurlar arzulayıram və ən güclülərin Premyer Liqaya vəsiqə qazanmasını diləyirəm!”.

Musayev, həmçinin legioner məsələsinə də toxundu. I divizion klubu əcnəbi futbolçu sifariş edəcəyi təqdirdə, həmin komandaya maddi baxımdan güzəşt ediləcək. Daha doğrusu, aşağı liqanın klubu Premyer Liqa təmsilçisi ilə müqayisədə legioner üçün üzvlük haqqının yarısını ödəyəcək. PFL rəhbərinin I divizion komandalarının nümayəndələrinə ölkə kuboku ilə bağlı söylədiyi fikirlər də maraqlı oldu: “Əgər imkanınız yoxdursa, marağınızda deyilsə, Azərbaycan kubokuna qatılmayın və əlavə xərcə düşməyin”.
0