Milli komandamız Superkuboka məğlubiyyətlə başladı
21.08.2009 - 18:34
Milli komandamız Superkuboka məğlubiyyətlə başladı
Azərbaycanın çimərlik futbolu yığması Avropa çempionatının Superkubok oyunlarına məğlubiyyətlə başlayıb. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən qarşılaşmada futbolçularımız Yunanıstan milli komandasına 2:5 hesabı ilə uduzub.

Emil Cabbarovun yetirmələri birinci hissədə 0:1 hesabı ilə uduzsa da, ilk fasilədən sonrakı bölümdə rəqibə layiqli müqavimət göstərib – 2:2. Sonuncu 12 dəqiqə ərzində isə Ellada təmsilçisi daha iki cavabsız qol vura bilib.

Portuqaliyanın Vilyareal de Santo Antonio şəhərində təşkil olunan yarışda yığmamızın növbəti sınağı sabah olacaq. Komandamız saat 18:30-da Norveçlə qüvvəsini sınayacaq.

Superkubok oyunları hərəsində 3 kollektiv olmaqla, 2 qrupda keçirilir. Reqlamentə əsasən, qruplarda ilk yeri tutanlar Avropa çempionatının Superfinalına vəsiqə qazanmaq üçün üz-üzə gələcəklər. Qrupda ikinci pillədə qərarlaşanlar 3-cü, üçüncü sırada qalanlar isə 5-ci yer uğrunda oynayacaqlar.

Bu isə o deməkdir ki, milli komandamız Portuqaliyada ümumilikdə, 3 matç keçirəcək. Yunanıstan və Norveçin ardından futbolçularımız daha bir matçda bacarığını nümayiş etdirəcək.
0