Mazyar gedişinin səbəblərini açıqladı
21.08.2009 - 23:24
Mazyar gedişinin səbəblərini açıqladı
“Simurq” klubunun sabiq ukraynalı futbolçusu Vladimir Mazyarın apasport.az saytına müsahibəsi

- “Simurq”dan niyə kənarlaşdırıldınız?
- Ayrılacağımı özüm də gözləmirdim. Ötən çempionatda 11 qol vurdum, komandanın üçüncü yer tutmasında əməyim oldu. Dörd ilə yaxın idi ki, Azərbaycanda idim, şəraitə də öyrəşmişdim. Günlərimin pis keçdiyini deyə bilmərəm. Klub rəhbərliyindən, azarkeşlərdən həmişə yaxşı münasibət görmüşəm. Başqa cür də ola bilməzdi. Komanda üçün həmişə can qoymuşam. Avrokuboklardan sonra gözləyirdim ki, yeni müqavilə bağlayacağam. Ukraynaya qayıtmaq fikrimdən belə keçmirdi. Bir gün saytlarda Roman Pokoranın müsahibəsini oxudum. Deyir ki, Mazyar əvvəlki oyununu oynamır, qolları da ancaq autsayderlərə vurub. Bu sözü mənə çox pis təsir elədi. Axı düz demir. Açsın, bir baxsın statistikaya, görsün ki, hansı komandalara qol vurmuşam. "Olimpik", "Standard", "Xəzər-Lənkəran", "Neftçi" - daha kimləri sayım, bunlardır autsayder? Neçə səfər matçında mənim sayəmdə qələbə qazanılıb. Mən hücumçuyam, üzərimə düşən işi görmüşəm. Amma zəhmətimin üstündən xətt çəkilməsi ilə barışa bilmərəm. Bu müsahibədən sonra rəhbərlik məni yanına çağırdı və dedi ki, yollarımız ayrılır. Onlara deyə bilməzdim ki, mən getmək istəmirəm. Qərarı rəhbərlik verir, razılaşmaqdan başqa yolum qalmamışdı.

- Pokora ilə bu haqda söhbət etmədiniz?
- Vaxtım olmadı.

- Baş məşqçi ilə münasibətlərinizin yaxşı olmaması barədə eşitmişdik. İstisna etmirsiz ki, Pokora məhz şəxsi münasibətlərə görə belə açıqlama verib?
- Pokorayla münasibətlərim pis olmayıb. Meydana çıxıb, həmişə qol vurmuşam. Daha nə etməliydim ki? Kiçik narazılıqlar hər yerdə olur, mən bunu heç vaxt şişirtməmişəm.

- Ancaq o, müsahibələrində bildirib ki, sizin kimi xarakteri olan futbolçu ilə hər məşqçi yola getməz...
- Mənə belə söz deməyib. Əgər bu cür fikirləşirdisə, heç olmasa, bir dəfə paltardəyişmə otağında söyləyərdi. Bir az qapalı insanam. Pokorayla neçə il bir yerdə işlədim. Oyun vaxtı emosiyaya qapıla bilərəm, amma olanları ordan çıxan kimi unuduram. Məni yandıran Pokoranın müsahibəsidir. Bu dərəcədə kiçildilmək istəməzdim.

- Zaqatala klubundan sonra "Karpatı"ya getdiniz, lakin orda da çox qalmadınız...
- "Karpatı" məni birbaşa müqavilə bağlamağa çağırmamışdı. İki yoxlama oyununda meydana çıxandan sonra danışığa dəvət etdilər. Maliyyə şərtləri ürəyimcə olmadı.

- "Simurq" qədər pul vermirdilər?
- Azərbaycanda yaxşı pul verirdilər. "Karpatı" isə gözlədiyimdən qat-qat az məbləğ təklif etdi. Azərbaycanda bəzi saytlar yazır ki, məni ordan qovublar. Qovmaq istəsəydilər, danışığa dəvət etməzdilər. Səbəbini dedim, özüm getmişəm.

- Bəs indi nə etmək fikrindəsən?
- Hələ ki Ukraynanın birinci liqasında oynamaq fikrim var. "Arsenal"dan təklif almışam və bir neçə həftədir ki, bu klubun düşərgəsindəyəm. Oynayan məşqçi kimi onlara kömək edəcəyəm. Uşaq komandasını çalışdırmağı da təklif ediblər. "Arsenal"da mənə tanış insanlar çoxdur. Bacardığım köməyi onlardan əsirgəməyəcəm.

- Karyeranızı bitirməyə hazırlaşırsınız?
- Hələ yox. Futbolçu həyatından doymamışam. İki-üç il də rahat oynaya bilərəm. Formamı saxlamışam. Həmişəki qaydada məşq edir və özümü qoruyuram.

- Geri qayıtmağa hazırsınız?
- "Simurq"a deyirsiz?

- Olsun "Simurq". Azərbaycanın başqa klubları da ola bilər.
- Zaqatala üçün darıxmışam. Əla yerdir. Desəm ki, bu gün də rəhbərliklə aram sazdır, mənə inanarsız? Arabir zəngləşirik, hal-əhval tuturuq. Futbolçu dostlarımı da unutmuram. "Simurq" üçün az xidmət etməmişəm. Klubun tarixində ən çox qol vuran futbolçuyam. Pokora dediyi sözlərə aydınlıq gətirsə, "Simurq"a dönərəm. Özümə qarşı o cür münasibəti götürə bilmərəm.

- Avroliqada cəmi 40 dəqiqə oynamaq şansınız oldu. "Bney Yehuda" ilə Bakıdakı matçda adınız iştirak ərizəsinə salınsa da, sonadək meydana çıxmadınız. Oyundan sonra isə olduqca əsəbi görünürdünüz.
- Oynamaq istəyirdim. Təəssüf ki, 2-3 gün əvvəl məşqdə zədələndim. Ayağım ağrıyırdı. Pokoralıq burda heç nə yox idi. Adım protokola salınsa da, meydana çıxa bilməməyimə yanırdım. İsraildə isə ikinci hissədə oyunda oldum. 0:3 hesabı ilə uduzsaq da, yaxşı mübarizə apardıq, hətta qol vurmaq üçün mənə də imkan düşdü. Zədəyə görə alınmayanda alınmır.

- "Simurq"dan gedəndən sonra digər Azərbaycan klublarından təklif almadınız?
- Təkliflər gəldi. Amma real söhbət olmadı.

- Son vaxtlar "Simurq"a yeni oyunçular qoşulub. Nikolay Petrov-Valevdən sonra hücum xəttinə Daniel Axtyamov alınıb. Onları özündən güclü sayırsan?
- Hər futbolçunun öz yeri var. Kimin hansı səviyyəyə malik olduğunu rəhbərlik və baş məşqçi bilməlidir. Mənim ürəyimdən yenə "Simurq"a kömək etmək keçir. Qalanı öz işləridir.

- Premyer Liqada yeni mövsümə artıq start verilib. Sabiq komandanız ilk turda "Qəbələ"yə səfərdə uduzdu...
- Xəbərim var. İnternet vasitəsiylə futbolunuzda baş verən prosesləri izləyirəm. Bu çempionat çox maraqlı keçəcək. İddialı komandalar çoxalıb, yeni oyunçular gəlib. "Simurq"un uduzması mənə təəccüblü gəldi. Ancaq əvvəlki fikrimdə qalıram.

- Nəyi nəzərdə tutursunuz?
- Məncə, "Simurq" yenə ilk üç yerdən biri üçün mübarizə aparacaq. Ən azından, ötənilki nəticəni təkrarlamaq olar.
0