Hakim də Azərbaycan yığmasına mane ola bilmədi
22.08.2009 - 09:26
Hakim də Azərbaycan yığmasına mane ola bilmədi
Azərbaycan milli komandası növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət yığmamız Litvada təşkil olunan Palanqa turnirində meydan sahiblərini də məğlub edib.

İlk oyununda ukraynalıları üstələyən (4:1) Oliver Pelzerin yetirmələri litvalı həmyaşıdlarına 3:1 hesabı ilə qalib gəlib. Abdulla Abatsiyevin 29-cu dəqiqədə hesabı açmasından sonra meydanda yaranan sakitlik qarşılaşmanın sonlarında pozulub. 71-ci dəqiqədə Ramil Mənsurovun fərqi artırmasından sonra hakim meydan sahiblərinin xeyrinə olan penalti qərarı verib. Edvinas Girtvaynis 78-ci dəqiqədəki bu imkandan yararlansa da Məqsəd Əliyev oyuna əlavə olunmuş ikinci dəqiqədə fərqi yenidən ikiyə çatdırıb.

Bu qələbə sayəsində Pelzerin yetirmələri qrup qalibi kimi turnirin finalına vəsiqə qazanıb. Futbolçularımız həlledici matçda gürcüstanlı həmyaşıdları ilə qarşılaşacaq. Bu gün keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
0