Ramvidas Koçanauskas: Azərbaycan futbolçuları texnikalıdır
22.08.2009 - 11:02
Ramvidas Koçanauskas: Azərbaycan futbolçuları texnikalıdır
“Litva və Azərbaycanın 17 yaşlılardan ibarət yığmalarının qarşılaşmasında iki eyni səviyyəli komandanın görüşdüyünü düşünürəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Litva milli komandasının baş məşqçisi Ramvidas Koçanauskas deyib.

Bu ölkədə təşkil olunan Palanqa turnirinin qrup mərhələsində Azərbaycan yığmasına uduzmaqla birinci yer uğrunda matçdan kənar qalan meydan sahiblərinin çalışdırıcısı oyunla bağlı fikirlərini AFFA-nın rəsmi internet saytına bildirib. Koçanauskas ilk qolun əhəmiyyətini vurğulayıb: “Azərbaycan futbolçuları texnikalıdır. Bəlkə də hesabı biz açsaydıq, nəticə fərqli ola bilərdi. Azərbaycan yığmasına finalda uğurlar arzulayıram”.

Qeyd edək ki, Litva yığması bu gün keçiriləcək final matçlarında üçüncü yer uğrunda Latviya ilə qarşılaşacaq.
0