Mircavadov: “İnter”dən “İnter”ədək
22.08.2009 - 11:13
Mircavadov: “İnter”dən “İnter”ədək
Kaxaber Sxadadzenin Azərbaycan Premyer Liqasındakı qələbə seriyası qırılıb. Apasport.az saytının hesablamalarına görə, gürcüstanlı mütəxəssis çempionatda qazandığı ardıcıl 4 qələbədən sonra xal itkisinə üzülüb.

Buna “İnter”in səfərdə “Xəzər-Lənkəran”a 0:1 hesabı ilə uduzması səbəb olub. Paytaxt təmsilçisinin sükanı arxasında Premyer Liqada ikinci oyununa çıxan Sxadadze sonuncu dəfə “Standard”da işlədiyi vaxt məğlub olmuşdu. 285 gün əvvəl “Simurq”a 0:1 (09.11.2008) hesabı ilə uduzduqdan sonra mütəxəssis “Standard”ı ardıcıl 3 qələbə ilə tərk etmişdi: “Turan” - 2:0 (15.11.2008), “Muğan” - 1:0 (23.11.2008), MOİK - 2:1 (29.11.2008).

Yeni klubunda isə ötən tur “Karvan”ı 1:0 (16.08.2009) məğlub edən gürcüstanlının “5-ə” çata bilməməsinin səbəbkarı olan “Xəzər-Lənkəran”ın baş məşqçisi üçün də qarşılaşma əlamətdar olub. Bir illik fasilədən sonra komandaya qayıdan Ağasəlim Mircavadov 454 gündən sonra ilk qələbəsini qazanıb. Lənkəran təmsilçisini UEFA kubokunda “Lex”ə məğlubiyyətlərə görə tərk edən çalışdırıcı karyerasındakı son qələbəsini də “İnter” üzərində qazanmışdı. 454 gün əvvəl keçirilən Azərbaycan kubokunun final matçında (24.05.2008) onun rəhbərlik etdiyi “Xəzər-Lənkəran” “İnter”i məğlub etmişdi - 2:0.

Mircavadovun Premyer Liqadakı son qələbəsi isə 467 gün əvvələ təsadüf edib. Həmin vaxt (11.05.2008) lənkəranlılar Bakıda “Neftçi”ni minimal hesabla üstələyib. Onun Lənkərandakı son qələbəsi isə daha əvvəl olub. 2008-ci il aprelin 13-də çempionatda “İnter”i 3:1 hesabı ilə məğlub edən “Xəzər-Lənkəran” mütəxəssisin 495 günlük həsrətinə son qoyub. Bu görüşdən sonra onun yetirmələri Lənkəranda üç matça çıxsa da qələbə qazanmırdı: “Olimpik” və “Bakı” ilə çempionat, “Qəbələ” ilə kubokda heçə-heçə qeydə alınmışdı. Mircavadov həm karyerasında, həm də Lənkəranda sonuncu qələbəsini qazandığı rəqiblə qarşılaşmada növbəti zəfəri əldə etdi.
0