“Neftçi” klubunun futbolçusu: Çalışardım ki, stadiona başqa yolla girim
24.08.2009 - 12:51
“Neftçi” klubunun futbolçusu: Çalışardım ki, stadiona başqa yolla girim
“Milli komandanın oyununa bu qiymətə bilet almazdım. Çalışardım ki, stadiona başqa yolla girim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Dmitri Kruqlov deyib.

Estoniya yığmasının futbolçusu həmvətənlərinə verdiyi müsahibədə Braziliya ilə avqustun 12-də keçirilən yoxlama oyununa biletlərin baha olması fikri ilə razılaşıb. Kruqlov 2500 kronluq biletin onun öz cibinə də uyğun olmadığını, qarşılaşmada iştirak etməyəcəyi halda, başqa variantlar axtaracağını etiraf edib. Futbolçu beş qat dünya çempionları ilə oyun haqqında da fikirlərini bildirib: “Bu, xalq üçün bayram idi. Onlar ulduzları görmək imkanı əldə etmişdilər. Lakin təəssüflənirəm ki, stadion dolmamışdı. Düşünürəm ki, rəqibimiz gücünün yalnız 60-70 faizini ortaya qoydu. Onlar özlərinə o qədər inanırdılar ki, matçın sonlarında qol buraxıb 1:0 hesablı qələbəni əldən verməkdən də çəkinmirdilər. Biz isə bacardığımızı edirdik ki, oyun onlar üçün asan gəzinti olmasın”.

Kruqlov birinci hissədə qırmızı vərəqə alaraq, meydandan qovulmasından da danışıb: “Alves və komanda yoldaşları məni təxribata çəkdilər. Təbii ki, mən dözməli idim. Düzdür, hakim mənə qarşı belə sərt olmaya ad bilərdi. Qaydaya görə, o haqlı idi. Lakin hamıya belə rəftar etsəydi, tək məni qovmazdı. Ümumiyyətlə, ilk dəfədir görürəm ki, eyni epizoda görə bir futbolçu iki sarı vərəqə alsın. Bu qırmızıya görə mənə irad bildirən də olmadı. Oyundan sonra şam yeməyinə yollanmışdıq. Təəssüf ki, braziliyalılar orada yox idi”.
0