“İnter” və “Simurq” AFFA-nın qarşısından geri çəkildi!
24.08.2009 - 16:32
“İnter” və “Simurq” AFFA-nın qarşısından geri çəkildi!
Futbol üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Finlandiya ilə oyunun hazırlığına start verib. Artıq bütün futbolçular yığmanın düşərgəsindədir. Hərçənd, Premyer Liqanın iki klubu - “İnter” və “Simurq” rəhbərliyi oyunçuları milli komandaya buraxmaq fikrində deyildilər. “İnter”in prezidenti Georgi Nikolov, eləcə də onun “Simurq”lu həmkarı Zaur Məmmədov FİFA və UEFA-nın qaydalarını əsas gətirərək, futbolçuları yığmaya oyuna 4 sutka qalmış buracaqlarını bildirmişdilər. Lakin hər iki komandanın üzvləri artıq Berti Foqtsun sərəncamındadırlar.

Görəsən, milli komandaya nə üçün məhz “İnter”lə “Simurq” futbolçu buraxmaq istəmirdi? Bəlkə bu klubların Azərbaycan futbolunda xidmətləri o qədərdir ki, indi də yığmaya ağız büzürlər? Əgər “Bakı” və “Qarabağ” eyni iddia ilə çıxış etsəydilər, dərd yarı idi. Ağlımıza gələrdi ki, “Bakı” və “Qarabağ” uzun marafon qət edib, hər həftə məsul görüş keçirmək üçün səfərə yollanıb, Avroliqanın 4-cü təsnifat mərhələsinə yüksəlib. Bu iki komanda səsini çıxarmırsa, “İnter” və “Simurq” rəsmiləri nəyə görə “yuyulmamış çömçə” funksiyasını öz üzərlərinə götürürlər?

“İnter” və “Simurq”u da yaxşı tanıyırıq, onların rəhbərlərini də. Məgər, cəmi bir ay əvvəl Avroliqada diz çökən bu komandalar deyildimi? “İnter”in ən böyük uğuru “Birlik kuboku”nun yarımfinalında oynamasıdır. “Simurq” isə Biləcəridən o tərəfə keçməyə peşmandır. Bəs belə olan halda, onların ortalığa düşmələri, Nikolov və Məmmədovun populist çıxışlarına səbəb nədir? Nikolovun rəhbərlik etdiyi klubun Azərbaycana aidiyyatı olmadığı dəfələrlə qeyd edilib. O, bolqardır, yəqin ki, Azərbaycan yığması uduzanda ona heç nə təsir etmir. Nə bilmək olar, bəlkə Nikolov milli komandamızın məğlubiyyətinə sevinir?...

İndi isə sualımız Zaur Məmmədovadır. Bu torpağın çörəyini yediyiniz, suyunu içdiyiniz halda, milli komandaya futbolçu buraxmaqdan necə imtina edirsiniz? Guya “Simurq” super-klubdur və futbolçular yığmanın düşərgəsinə getməsələr, bu komanda ən azı Avroliqa kubokunu başı üzərinə qaldıracaq. Eh, Zaur bəy... “Simurq” bir həsirdir, bir də Məmmədnəsir...

Milli komandanın uğurlu çıxışı üçün hamı çalışmalıdır. Təkcə “İnter” və “Simurq” yox, bütün klublar, futbol funksionerləri yığmaya kömək etməyə borcludurlar. Çünki milli komanda Berti Foqtsun deyil, Azərbaycan xalqınındır!

Adətən şou-biznes nümayəndələri gündəmə gəlmək üçün gözlənilməz açıqlamalar verir, qarderoblarını, yataqlarını nümayiş etdirirlər. Olmaya, futbolumuzda da belələri yaranıb. Tanrı özü bizə kömək olsun!

Bizdə sözünü geri götürən kişilərə yaxşı baxmırlar...
0