Hakimi vuran futbolçuya cinayət işi açıldı
25.08.2009 - 09:48
Hakimi vuran futbolçuya cinayət işi açıldı
Rusiyanın Şimali Osetiya Respublikasının futbol çempionatında qalmaqal qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Ardon-2004” və Sxinvalinin “Spartak” klublarının qarşılaşmasında baş verənlərlə bağlı cinayət işi də açılıb.

Belə ki, meydan sahiblərinin futbolçusu Xuqayev oyunun hakimi Kamran Borodinin ona sarı vərəqə göstərməsindən sonra çox qəzəblənib. Referinin üzərinə gedərək onunla münasibətlərini ayırd edən futbolçu Kamranın onu itələməsindən sonra lap özündən çıxıb. 23 yaşlı futbolçu hakimin sifətinə güclü bir yumruq ilişdirib. Yerə sərilən Kamran xəstəxanaya çatdırılıb və çənəsinin sındığı aşkarlanıb.

Baş verənlərə baxmayaraq görüşü sona çatdırmaq mümkün olub. Matç bitdikdən sonra Xuqayev Ardon rayon Daxili İşlər İdarəsinə aparılaraq dindirilib. Xuqayev istintaq bitənədək azadlığa buraxılsa da, bölgəni tərk etməmək haqda sənəd imzalayıb. İndi futbolçunun sağlamlığa orta dərəcəli xəsarət yetirmə kimi dəyərləndirilən əməlinə vətəndaş məhkəməsi qiymət verəcək. Şimali Osetiya Futbol Federasiyası isə Xuqayevin ömürlük kənarlaşdırılması haqda qərar qəbul edib.
0