Saşa Yunisoğlu: “İstiqlal”a yox, “Bakı”ya hə!
25.08.2009 - 13:00
Saşa Yunisoğlu: “İstiqlal”a yox, “Bakı”ya hə!
Azərbaycan milli komandasının futbolçusu Saşa Yunisoğlu İran çempionu “İstiqlal”dan təklif alıb. Apasport.az saytının məlumatına görə, hazırda “Bakı”nın şərəfini qoruyan 25 yaşlı müdafiəçi götür-qoy etdikdən sonra qonşu ölkədə legioner həyatı yaşamaqdan imtina edib.

Yunisoğlu bunun səbəbini belə izah edir: “İrana özüm getmək istəmədim. Çünki bu ölkənin həyat tərzi məni qane etmir. Hər halda, mən demokratik insanam. “İstiqlal” haqqında onu deyə bilərəm ki, bu, çox güclü, super klubdur. Onların 2 milyona yaxın azarkeşləri var. Düşünmürəm ki, İrana getməyim geriyə addım olardı. Orada futbolun səviyyəsi heç də Azərbaycandakından aşağı deyil. Sadəcə, problem mənim İranda yaşamaq istəməməyimlə bağlı idi”.

Ancaq Saşa vurğulayıb ki, qışda “Bakı”dan ayrılacağı istisna deyil: “Bakı” ilə müqaviləmin müddətinin başa çatmasına 1 il qalıb. Əsas heyətdə nəyə görə yer ala bilməməyimin səbəbini baş məşqçidən soruşmaq lazımdır. Həqiqətən də bu vəziyyət məni razı salmır və belə getsə, qış transfer mövsümündə özümə yeni komanda tapacağam. Mən həmişə xarici çempionatda oynamağa can atmışam. Amma indi mənə digər ölkələrin klublarında dəvət yoxdur. Buna görə də bütün fikrimi “Bakı”ya cəmləmişəm”.

Qeyd edək ki, mərkəz müdafiəçisi mövqeyində oynayan Yunisoğlu yayda braziliyalı Rafael Barboza və serb Stefan Batesin transferindən sonra “Bakı”nın əsas heyətində yerini itirib.

Mənbə: extratime.az
0