“Qarabağ”la “Tvente” üçün qara rəngə boyanan gün
25.08.2009 - 15:04
“Qarabağ”la “Tvente” üçün qara rəngə boyanan gün
Avropa Liqasının dördüncü təsnifat mərhələsinin cavab oyunlarının keçiriləcəyi tarix Azərbaycan klubları və onların rəqibləri üçün fərqli xarakter daşıyır. Apasport.az saytının hesablamalarına görə, “Bakı” tarixində ilk dəfə avrokubok matçına avqustun 27-də çıxacaq. Bakılıların rəqibi İsveçrə “Bazel”i isə ardıcıl ikinci ildir ki, qrup mərhələsinə vəsiqənin sahibini bu tarixdə həll etməli olur. Ötən il isveçrəlilər Portuqaliyanın “Gimaraynş” komandasına 2:1 hesabı ilə qalib gəlib və Çempionlar Liqasının üçüncü, sonuncu təsnifat mərhələsinə adlamışdı.

Digər Azərbaycan təmsilçisi “Qarabağ”, eləcə də rəqib “Tvente” (Hollandiya) üçün 27 avqust tarixi qara rəngə boyanıb. Ağdam klubu 11 il əvvəl Kuboklar Kubokunun ilk təsnifat mərhələsində Danimarka “Kopenhagen”i ilə münasibətlərini ayırd edirdi. Səfərdəki ilk matçın elə birinci hissəsində 6 cavabsız qol buraxan və yekunda 0:6 hesablı məğlubiyyətlə üzləşən “Qarabağ” avqustun 27-də keçirdiyi cavab oyununda darmadağına məruz qalmışdı. “Kopenhagen” Tofiq Bəhramov adına Respublika stadionunda ağdamlıları 4:0 hesabı ilə məğlub edib.

Elə “Tvente” də avrokuboklar tarixində bir dəfə avqustun 27-də meydana çıxıb. Bu dəfəki olduğu kimi, ötən il də hollandlar səfərdə oynayıblar. O vaxt da qrup mərhələsinin astanasında olan Enshede komandası Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində məşhur “Arsenal”la görüşüb. İlk qarşılaşmada 0:2 hesabı ilə uduzan “Tvente” avqustun 27-də doğma publika önündə keçirdiyi cavab görüşündə qrup mərhələsinə adlayacağına ümid edirdi. Ancaq “Arsenal” hollandların daşını-daş üstə qoymadılar və rəqibin qapısına 4 cavabsız qol vurub. Beləliklə, ingilislər “Tvente”nin 27 avqustla bağlı xatirələrinə “0:4”ü həkk edib. Yəni, “Qarabağ” və “Tvente” rəhbərlikləri 27 avqustu daha çox 0:4 hesabı ilə xatırlayır.
0