“Biz bura pul qazanmaq üçün gəlmişik”
29.08.2009 - 00:12
“Biz bura pul qazanmaq üçün gəlmişik”
“Turan”ın ötən mövsüm Premyer Liqada qalmasında Muammer Erdoğdunun xüsusi rolu oldu. İkinci dövrədə Tovuz klubunun sıralarına qoşulan gənc müdafiəçi oynadığı futbolla hamının rəğbətini qazandı. Əminliklə deyə bilərik ki, türkiyəli futbolçu ötən mövsüm Viktor İbekoyi ilə birlikdə “Turan”ın ən uğurlu seçimi idi. Müdafiədə inamlı oyunu ilə seçilən legioner qısa zamanda yerli azarkeşlərin sevimlisinə çevrildi. Onun uğurlu çıxışı yeni rəhbərliyin və baş məşqçinin də diqqətindən yayınmadı. Yenidən “Turan”la müqavilə imzalayan 23 yaşlı müdafiəçi “Futbol dünyası” qəzetinə verdiyi müsahibədə komandanın ötən illə müqayisədə xeyli gücləndiyini deyir.

- Ötən mövsümün sonunda müqavilən başa çatdı. Növbəti mövsümdən yenidən “Turan”ın formasını geyinəcəksən. Necə illik müqaviləyə qol çəkmisən?
- Keçən mövsüm “Turan”a ikinci dövrədə gəldim. O vaxt komandada vəziyyət heç də ürəkaçan deyildi. Buna baxmayaraq, ikinci dövrədə uğurlu çıxış edərək elitadakı yerimizi qoruya bildik. Komandanın nəyə qadir olduğunu bilirdim. Bu il də rəhbərlikdə dəyişikliklər oldu və heyəti gücləndirdilər. Mənimlə yola davam etmək istədilər. Mən də təklifə müsbət cavab verdim və 1 illik müqavilə imzaladım.

- Komandada vəziyyət necədir?
- Hər şey yavaş-yavaş istədiyimiz səviyyəyə çatır. Hazırlığımızı davam etdiririk. Yaranmış fasilədən yetərincə yararlandıq. Kollektivə yeni gələn oyunçular var. Açığı deyim ki, hələ bir-birimizə tam uyğunlaşmamışıq.

- Keçənilki “Turan” daha güclü idi, yoxsa builki?
- Ötən mövsümlə müqayisədə komandamız çox güclənib. Ancaq etiraf etməliyəm ki, keçənilki dostluq münasibətimiz bundan yaxşı idi. Premyer Liqada qalmaq uğrunda mübarizə apardığımızdan hamımız yumruq kimi birləşmişdik. Bu il çox yaxşı transferlər həyata keçirdik. Heyətimizi xeyli gücləndirdik. Artıq hər komanda ilə başabaş mübarizə aparacaq gücə malikik.

- Səncə, “Turan”da nə kimi dəyişikliklər olub?
- Ən əsası rəhbərlikdə böyük dəyişikliklər oldu. Artıq komanda əmin əllərdədir. Bir neçə sponsorumuz var. Sağ olsunlar, onlar da “Turan”ı dirçəltmək üçün əllərindən gələni edirlər. İstər stadionda gedən təmir işləri, istərsə də komandaya cəlb olunan yeni legionerlər hamısı onların gördüyü işin bəhrəsidir. Komandadakı rəhbərlik dəyişikliyi ilə bərabər, heyətə də xeyli əl gəzdirildi. Bu da “Turan”ın keçən illə müqayisədə daha uğurlu çıxış edəcəyinə zəmin yaradır.

- Yəni komandada heç bir problem yoxdur?
- Əgər maddi baxımından soruşursunuzsa, bəli, heç bir problemimiz yoxdur. Vaxtı-vaxtında maaşlarımızı alırıq. İdarə heyəti futbolçular üçün hər cür şərait yaradıb. Biz də onların ümidlərini doğrultmağa çalışacağıq. Əsas məqsədimiz “Turan”ın əvvəlki kimi iddialı çıxış etməsini təmin etməkdir.

- Ümumi götürsək, komandada çatışmayan cəhət varmı?
- Çatışmayan cəhətimiz hazırlığa gec başlamağımızdır. Buna görə də bəzi klublardan fiziki cəhətdən geri qala bilərik. Ancaq bayaq da dediyim kimi, Premyer Liqaya verilmiş aradan lazımınca istifadə edirik. Gündə iki dəfə məşq keçirik. Qarşıdakı 1 həftədə bu problemi tam həll edəcəyik. Hiss edirəm ki, komandada gündən-günə vəziyyət daha da yaxşılaşır. Yəni futbolçular fiziki güclərini, demək olar ki, bərpa ediblər.

- Komandanın hazırlığa gec başlaması sənin oyununa mənfi mənada necə təsir edə bilər?
- Şübhəsiz, müəyyən təsiri olacaq. Ancaq güclü təsir edəcəyini zənn etmirəm. Çünki baş məşqçimiz Nizami Sadıqov fiziki hazırlığa böyük əhəmiyyət verir və komandanın tam hazır olması üçün əlindən gələni edir. Peşəkar futbolçu da öz üzərində çalışaraq çatışmayan cəhətləri aradan qaldırmalıdır. Biz futbolçular da daha canla-başla hazırlaşırıq ki, digər komandalardan geri qalmayaq.

- Konkret sən “Neftçi” ilə oyunda fiziki cəhətdən əziyyət çəkdinmi?
- Xeyr. “Neftçi” ilə oyunda pis oynamadığımızı düşünürəm. Digər komandalara nisbətən hazırlığa gec başlasaq da, bu, oyunumuza mənfi təsir etmədi. İlk oyunumuz olduğundan hamı sonacan mübarizə apardı. Ancaq yenə deyirəm, Premyer Liqaya verilmiş ara ən çox bizim işimizə yarayır. Çünki gündə iki dəfə məşq etməklə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışırıq. Özünüz də yaxşı bilirsiniz ki, transfer etdiyimiz futbolçular bizə çox gec qoşuldular. Onların da komandaya tam uyğunlaşa bilmələri üçün müəyyən qədər vaxta ehtiyacı var.

- Tovuz kiçik rayon olduğundan oraya uyğunlaşmaq bir az çətin olur. Yeni gələn oyunçuların belə bir problemi varmı? Sən də yeni transfer olunanda müəyyən çətinliklər çəkmişdin.
- Biz peşəkar futbolçularıq. Yəni buraya pul qazanmaq üçün gəlmişik. Rayonun kiçik və ya darıxdırıcı olması və s. kimi məsələlər hamısı ikinci dərəcəli şeylərdir. Əsas odur ki, komandaya daha çox faydamız dəysin. Mən Tovuza necə uyğunlaşmışamsa, onlar da elə uyğunlaşacaqlar. Başqa çarələri yoxdur.

- Yeni transferlərlə və baş məşqçi ilə münasibətin necədir? Anlaşa bilirsənmi?
- Mənim onlarla, həmçinin baş məşqçi ilə nə işim ola bilər? Hamımızın yeganə məqsədi komandamızın uğurlu çıxış etməsidir. Konkret mənim komandanın hər bir üzvü ilə əla münasibətim var. Həmçinin də baş məşqçimizlə.

- Keçən mövsüm də müdafiənin əsas dirəyi sən idi. Yeni baş məşqçi də sənə çox güvənir. Müdafiənin mərkəzində çıxış edirsən. Komandanın 3, yoxsa 4 nəfərlə müdafiə olunması yaxşıdır?
- Peşəkar futbolçunun belə bir problemi olmamalıdır. Məşqçi hansına qərar verirsə, futbolçunun da o cür oynamaq borcudur. Biz ötən il də 3 müdafiəçi ilə çıxış edirdik. Keçənilki nəticələrimiz göz qabağındadır. Şəxsən mənə görə fərqi yoxdur. 3 müdafiəçi ilə də oynaya bilərəm, 4 müdafiəçi ilə də.

- Yaxşı bəs komandanın hansı mövqeyi daha zəif və ya əksinə daha güclü təsir bağışlayır?
- Bu suala mənim cavab verməyim düz olmaz. Yaxşı olar ki, bunu baş məşqçidən soruşasınız.

- Son olaraq demək istədiyin nəsə varmı?
- Azarkeşlərimizin bizi sonacan dəstəkləmələrini istəyirəm. Ötən mövsüm necə dəstək olurdularsa və tribunaları doldururdularsa, bu il də dəstəklərini bizdən əsirgəməsinlər. Əla komandamız var. Qələbələr qazanaraq onları sevindirəcəyik.
0