Kimin əvvəli, kimin axırı...
31.08.2009 - 11:32
Kimin əvvəli, kimin axırı...
Azərbaycanlı futbolçu İlqar Qurbanovun sabiq klubu “Sivasspor”da baş məşqçi dəyişikliyi gerçəkləşə bilər. Apasport.az saytının məlumatına görə, ardıcıl məğlubiyyətlərdən sonra Bülənt Uyğunun başının üzərini qara buludlar alıb. “Sivasspor” azarkeşləri Türkiyə Superliqasının son turunda doğma meydanda “Diyarbəkirspor”a məğlubiyyət (0:2) zamanı qəzəbləniblər. Onlar sevimli komandalarının zəif rəqib önündə uduzmasını heç cür qəbul edə bilməyərək, Uyğunu istefaya səsləyiblər. Fanatlar o qədər aqressivlik nümayiş etdiriblər ki, “Sivasspor” prezidenti Mecnun Otyakmaz onları sakitləşdirmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Uyğun Türkiyə Superliqasında çalışan ən gənc məşqçidir. 38 yaşlı mütəxəssis ötən mövsüm komandasına ölkə çempionatında gümüş medal qazandırıb. Lakin son bir ayda komanda 6 məğlubiyyətlə üzləşib. Əvvəlcə “Sivasspor” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Anderlext”ə uduzub - 0:5; 3:1. Bundan başqa, Avropa Liqasının dördüncü təsnifat mərhələsində Donetsk “Şaxtyor”una məğlub olan (0:3; 0:2) Sivas təmsilçisinin avrokuboklar macərası bitib.

Üstəlik, sözügedən klub Türkiyə çempionatında da ağır dövrünü yaşayır. “Sivasspor” keçirdiyi hər 3 oyunda məğlubiyyət acısı dadıb: “Trabzonspor”a 1:2, “Fənərbaxça”ya 0:3 və “Diyarbəkispor”a 0:2. Hazırda 0 xalla 16-cı pillədə qərarlaşan “Sivasspor”un düşərgəsindəki atmosfer arzuolunmaz həddə çatıb.
0