“Bakı”da cəzaya məruz qalanların sayı artdı
31.08.2009 - 14:03
“Bakı”da cəzaya məruz qalanların sayı artdı
“Bakı” klubunun nigeriyalı futbolçusu Əhməd Ticani cəzalandırılacaq. Apasport.az saytının məlumatına görə, yay fasiləsi zamanı qısa müddətə vətəninə yollanan, lakin vaxtında komandanın düşərgəsinə gəlməyən 22 yaşlı hücumçunun bu hərəkəti cəzasız qalmayacaq.

Yalnız 4 gün əvvəl Azərbaycana gələn Əhmədin 25 gün gecikməsi “Bakı” rəhbərliyinin qəzəbinə səbəb olub. Bakılılar heç kimə xəbər vermədən özbaşına məzuniyyətinin vaxtını artıran Ticaninin hansı cəza tətbiq olunacağı ilə bağlı qəti qərar qəbul etməyib. Lakin neçə vaxtdır məşq etmədiyindən hazırlığı aşağı səviyyədə olan legionerin əvəzedici heyətə göndəriləcəyi qaçılmaz görünür. Nigeriyalı bununla canını qurtara bilməzsə, para cəzası ilə də barışmalı olacaq. Azərbaycan Premyer Liqasında keçirdiyi 84 oyuna 33 qol vuran Əhməd “Bakı”da keçirdiyi 35 çempionat qarşılaşmasında 13 dəfə fərqlənib.

“Bakı”nın heyətində cəzalanan təkcə Ticani olmayacaq. Klubun vitse-prezidenti Zeynal Məmmədov apasport.az saytına açıqlamasında 3-4 futbolçunun cəzalandırılacağını söyləyib: “Ticanidən başqa, Stefan Bates və daha 1-2 oyunçu cərimələnəcək. Futbolçu üçün ən yaxşı cəza məhz pul cəriməsidir. Onların 10 manatını kəsəndə, bunu elə qarşılayırlar ki, sanki dünyanın axırıdır”.
0