Zeynal Məmmədov: Fakt budur ki, biz Avropa miqyaslı yarışlara hazır deyildik
31.08.2009 - 14:24
Zeynal Məmmədov: Fakt budur ki, biz  Avropa miqyaslı yarışlara hazır deyildik
“Avropa Liqasında məğlub olmağımızı faciəyə çevirmək lazım deyil. Düzdür, uduzmağımız bizə çox pis təsir göstərib. Lakin fakt budur ki, biz bu gün Avropa miqyaslı yarışlara hazır deyildik”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

“Zolaqlılar”ın avrokuboklarda çıxışına toxunan Məmmədov uğursuzluğun bir neçə səbəbi olduğunu bildirib: “Bəlkə də bəxtəbəxt qrup mərhələsinə düşə bilərdik. Ancaq sabah onun acısını çəkərdik, ağır məğlubiyyətlərlə üzləşərdik. Fikrimcə, komanda üzvlərinə təcrübəsizlik, psixoloji amillər maneçilik törətdi. Həm “Levski”, həm də “Bazel”lə görüşlərdə futbolçularımız həyəcanlandıqları üçün kobud səhvlərə yol verirdilər ki, bu da qol buraxmağımızla nəticələnirdi”.

“Bakı”nın vitse-prezidenti avrokuboklarda düçar olduqları məğlubiyyətlərin xeyrindən də danışıb: “İnanın ki, “Levski” və “Bazel”ə uduzmağımız bizə çox təcrübə qazandırdı. Bilmədiklərimizi öyrəndik, səhvlərimizi aşkarladıq. Bu, gələn il qitə miqyaslı yarışda əlavə 1-2 mərhələ adlamağımıza yardım edəcək”.

Məmmədov vurğulayıb ki, hələlik “Bakı”dan heç kim uzaqlaşdırılmayıb: “Bu məsələni müzakirə etmək üçün klub prezidenti Hafiz Məmmədovun Bakıya qayıtmasını gözləyirik. Komandadan kimsəni kənarlaşdırmasaq da, 3-4 futbolçu cəzalandırılacaq”.

Qeyd edək ki, “Bakı” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Bolqarıstan “Levski”sinə (0:0; 0:2), daha sonra Avroliqanın dördüncü təsnifat mərhələsində İsveçrə “Bazel”inə (1:3; 1:5) yenilib.
0