Berti Foqtsa nazir dəstəyi
31.08.2009 - 15:38
Berti Foqtsa nazir dəstəyi
“Berti Foqts Azərbaycan yığmasındakı işini mütləq davam etdirməlidir. Gündə bir baş məşqçi dəyişməklə, heç nəyə nail olmaq mümkün deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir hesab edir ki, bir günə, bir ilə futbolda inkişaf və dəyişiklik olacağını gözləmək düzgün deyil: “Türkiyə dünya çempionatında üçüncü yerə çıxmaq üçün on il çalışdı, bu müddətdə məktəblər, stadionlar tikildi, bərpa olundu, futbola yeni gənclər cəlb edildi. Bütün bunlardan sonra Türkiyə indiki nailiyyətləri əldə etdi. Biz Berti Foqtsdan bir ilə Azərbaycan milli komandasını dünyanın güclü komandaları səviyyəsinə çatdırmağı, dünya səviyyəli komanda yaratmağı tələb edirik. Bu mümkün deyil, dünyada belə bir təcrübə yoxdur. Amma futbolun inkişafına həqiqətən inanıram”.

AFFA-nın vitse-prezidenti, deputat Rauf Əliyev isə deyib ki, Foqtsun gələcəkdə milli komandada fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı heç bir müzakirə aparılmayıb və aparılmır: “Bilmirəm bu məlumatı haradan götürüblər. Berti Foqtsun müqavilə müddəti 2009-cu ilin dekabrında başa çatır. Bundan sonra AFFA-nın İcraiyyə Komitəsi məsələni müzakirə edəcək və qərar olacaq”.

Foqtsun təcrübəli futbol adamı olduğunu vurğulayan vitse-prezident hesab edir ki, baş məşqçinin milli komandada heç bir iş görmədiyini demək olmaz: “Futbolçu yetişdirmək, onlarla işləmək savadı və texnikası, futbolçuların psixologiyasını bilmək qabiliyyəti - bunlar hamısı Foqtsda var. Sadəcə, futbolçularımız zəifdir, ideal deyillər. Klubda ajiotaj yaradırlar, amma millidə oynaya bilmirlər”.

Mənbə: mediaforum.az
0