Kamran Ağayev: Bəzi futbolçular bilərəkdən oynamırdılar!
10.09.2009 - 13:41
Kamran Ağayev: Bəzi futbolçular bilərəkdən oynamırdılar!
Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Almaniyaya qarşı keçirilmiş matçdan (0:4) sonra apasport.az saytının Hannoverə ezam olunmuş xüsusi müxbirinə müsahibə verib.

- Almaniya ilə oyundan yadınızda nə qalıb? Təəssüratlarınız necədir?
- Nə deyə bilərəm ki? Biabırçılıq! Yaxşı və ya pis oynadıq, Azərbaycan 4:0 hesabı ilə uduzdu. Bu yazıldı tarixə. Adamın əsəbləri pozulur. Bu, mənə dərs oldu. Doğrudan da 11 futbolçudan 3-4-ü oynamayanda, biabırçılıq olur.

- Milli komandada bilərəkdən oynamayan futbolçular var idi?
- Hə. Görürsən ki, meydandakı 11 futbolçudan 3-ü oynamağa qorxur.

- Kimdir onlar?
- Konkret ad çəkməyim düzgün çıxmaz. Qoy, o insanlar papaqlarını qabaqlarına qoyub, fikirləşsinlər. Mən özümə də deyirəm: əgər qorxuruqsa, onda bu sənətlə məşğul olmayaq.

- Almanlarla oyunda fərqli nəticə qeydə alına bilərdi?
- Onlar da 11 nəfərdir, biz də. Hamımız deyirik ki, pis olar, pis olar, bu da pis oldu. Belə alınmaması üçün futbolu necə oynamaq barədə düşünməliyik. Futbolu 30-31 yaşda yox, 17-18 yaşda öyrənirlər, “bişib”, hazır futbolçuya çevrilirlər. Mənim danışmağa ixtiyarım yoxdur. Çünki futbol aləmində məndən böyük, savadlı adamlar var. Sadəcə, yandığımdan danışıram. Həmişə düşürlər qapıçının üstünə ki, elə buraxdı, belə buraxdı. Müdafiədə anarxiyadırsa, qapıçı nə etsin? Hər kəs öz istədiyi kimi oynayır. Milli komandada belə şey olmur. Necə tələb edirlərsə, milli ruha görə məhz elə də oynamalısan. Bu, klub deyil, ölkənin bir nömrəli yığmasıdır.

- Rəqib futbolçular sizi çox tez-tez narahat edirdilər...
- Hamı deyir ki, yaxşı oynadıq. Başa düşmürəm, necə oynamışıq ki, 0:4 uduzuruq, Finlandiyaya 1:2 məğlub oluruq. Azərbaycan torpağında məğlubiyyətlə üzləşirik, “uşaqlar, yaxşı oynamışıq, bir qol vurmuşuq” deməklə, təsəlli tapırıq. Vaxt gedir, vaxt. Ay düzələcək, düzələcək deyirlər, ancaq ağlım kəsəndən, 1999-cu ildən bəri belə görürəm... Allah şeytana lənət eləsin!

- Sizcə, çıxış yolu nədir?
- Bu barədə heç nə deyə bilmərəm.

- Lixtenşteynlə görüş haqda nə fikirləşirsiniz?
- “Pis olar” sözü dilimizə gəlməsin. Mən belə futbol görməmişəm. 11 nəfərin hamısı komanda üçün can yandırmalıdır. Baxırsan ki, biri reklam üçün yığmada çıxış edir, o birisi öz ağlının futbolunu oynayır. Düzdür, hər birimiz əziyyət çəkirik. Qorxmaq uşaqların özündə asılı deyil ki! O yazıq neyləsin, o da əziyyət çəkir və məsuliyyətindən qorxur. Mən ona deyirəm ki, qorxub 0:4 uduzmaqdansa, qorxma, bəlkə yaxşı alınacaq. Ayağın əsə-əsə topa vurduğun zərbə heç vaxt qol ola bilməz.
0