Vladimir Miçoviçlə Xalidu Sissokonun fərqi: 5 dəqiqə
14.09.2009 - 10:57
Vladimir Miçoviçlə Xalidu Sissokonun fərqi: 5 dəqiqə
Azərbaycan Premyer Liqasının IV turunda 2 qapıçının seriyası qırılıb. Apasport.az saytının hesablamalarına görə, “Neftçi”nin serbiyalı futbolçusu Vladimir Miçoviç və onun “Bakı” klubundakı həmkarı Xalidu Sissoko mövsümdə ilk dəfə topu qapısında görüb.

Cari mövsüm Premyer Liqada ilk oyununu keçirən seneqallı paytaxtın eyni adlı təmsilçisinin “Simurq”la görüşündə üzülüb. Elşən Məmmədovun 54-cü dəqiqədə qapısına yol tapdığı Xalidu ötən çempionatın son 3 qarşılaşmasını qol buraxmadan tərk etmişdi. Bundan əvvəl “Xəzər-Lənkəran”la səfərdə 0:3 hesabı ilə uduzan “Bakı”nın 90+3-cü dəqiqədə buraxdığı top Sissoko üçün sonuncu idi. Yeni mövsümə 361 dəqiqəlik seriya ilə başlayan afrikalı 415-ci dəqiqədə dayanmağa məcbur oldu. Mövsümdə qırılan seriyalar arasında rekord olan bu göstərici cəmi bir gün duruş gətirdi.

“Neftçi”nin serb qapıçısı Xalidunu 5 dəqiqə qabaqlamağa nail oldu. Miçoviç komandasının “Muğan”a 0:2 hesabı ilə uduzduğu görüşün 39-cu dəqiqəsində büdrədi. Vüsal Hüseynov onu 420-də dayanmağa məcbur etdi. Cari mövsümün ilk 2, ötən çempionatın isə son 2 oyununda qapısını toxunulmaz saxlayan Miçoviç axırıncı dəfə “Qarabağ”la qarşılaşmada topu tordan çıxarmışdı. Albaniyalı Admir Telinin 69-cu dəqiqədəki qolundan sonra serbiyalının qapısı alınmaz qalaya çevrilmişdi.
0