Turun mənzərəsi: Proqnozlar təsdiqlənir
14.09.2009 - 12:03
Turun mənzərəsi: Proqnozlar təsdiqlənir
Azərbaycan Premyer Liqasının IV turu bir sıra maraqlı məqamlarla yadda qaldı. Sensasiyalı nəticələr, liderlərin büdrəməsi ilə diqqət çəkən hesabat turu yeni formatda çempionatın nə qədər gərgin, maraqlı mübarizə şəraitində keçəcəyi ilə bağlı proqnozları təsdiqlədi. Turun mənzərəsində hər oyuna ayrılıqda qısa nəzər yetirib daha çox maraqlı məqamlara toxunacağıq.


“Karvan” – “Qəbələ” - 4:1
Sözsüz ki, bu qarşılaşma ilə bağlı əsas məqam Yunis Hüseynovun “Karvan”ın baş məşqçi postunda 150-ci oyununu keçirməsi idi. Futbolçuların onun bu əlamətdar gününə hədiyyəsi böyük hesablı qələbə oldu. Hüseynovla hələ əvvəllər də Yevlax təmsilçisində bir yerdə çalışan İsmayıl Məmmədov vurduğu fantastik qolla onu özünəməxsus şəkildə təbrik etdi. Belə ki, 33 yaşlı İsmayıl meydanın mərkəzindən vurduğu zərbə ilə “Qəbələ”nin qapısına yol tapa bildi. Bu, qonaq komandanın baş məşqçisi Ramiz Məmmədova elə pis təsir edib ki, daim razı qaldığı latviyalı qapıçısı Pavel Doroşevi kəskin tənqid edib: “Meydanın mərkəzindən də qol buraxmaq olar? Bu oyun bizim üçün əsl dəhşət idi”.
Görün vəziyyət hansı həddə çatıb ki, nadir hallarda qol vuran braziliyalı müdafiəçi Ernani Pereyra da “Qəbələ”nin qapısına yol tapıb. Ernaninin həmyerlisi, bir vaxtlar millimizə cəlb edilən Leandro Qomeş “Karvan”da ikinci qolunu da Yevlaxda vurması, onun özbək komanda yoldaşı Dövlətmurad Atayevlə “Qəbələ”nin serb legioneri Milan Antiç milli çempionatımızda ilk qollarını vurması ilə diqqət çəkdi. Yevlaxdakı nəticə həm də cari mövsümdə ilk böyük hesablı nəticə oldu.

“Bakı” – “Simurq” - 1:2
Son Azərbaycan çempionu “Bakı” Premyer Liqada yeni mövsümə məğlubiyyətlə başlaması gözlənilməz oldu. Özü də komanda buna qədər evdə heç vaxt yenilmədiyi “Simurq”a uduzdu. Avrokubokları da nəzərə alsaq, ardıcıl 4 oyundur meydanı məğlub tərk edən “Bakı” daxili yarışlarda öz meydanında bir illik fasilədən sonra yenildi. Yeni transferlərdən braziliyalı hücumçular Feliks Felipe Almeyda ilə Jaba çempionatın debüt matçında cəzalanmaları ilə yadda qaldılar. Hər ikisinə sarı vərəqə göstərən FİFA hakimi Fariz Yusifov görüş bitəndən sonra Jabanı qırmızı vərəqə ilə cəzalandırdı. Bu isə o deməkdir ki, bu hücumçu “Xəzər-Lənkəran”la qarşıdakı çətin səfər oyununda “Bakı”ya kömək edə bilməyəcək.
Digər yeni transferlərdən serb Stevan Bates “siftə”də müdafiədə buraxdığı səhvlərlə, xorvat Aleksandr Soliç vurduğu qolla yadda qaldı. Avrokubokları da nəzərə alsaq, 5 oyundur qələbə üzünə həsrət qalan “Simurq”un ukraynalı baş məşqçisi Roman Pokora çempionu səfərdə məğlub edəndən sonra bir qədər rahat nəfəs ala bilər.

“Xəzər-Lənkəran” – “Turan” – 1:1
Lənkərandakı görüşdə qol vuranlar diqqət mərkəzinə düşdü. “Turan”ın türkiyəli müdafiəçisi Muammer Ərdoğdu qapısına yol tapdığı “Xəzər-Lənkəran”dan əvəz çıxdı. Belə ki, Muammer vaxtilə Lənkəran təmsilçisinin heyətində yer alsa da, sonradan komandadan kənarlaşdırılmışdı. Moldovalı hücumçu Denis Kalinkov isə uğurlu transfer olduğunu bir daha göstərdi. Təsadüfi deyil ki, “Xəzər-Lənkəran”ın cari mövsümdə qollarını məhz Kalinkov vurur. Özü də o, sonradan meydana çıxmaqla xilaskar olur. “Turan”ın Lənkəranda xalla qayıtması tələbənin müəlliminə güzəştə getmədiyini göstərdi. Söhbət Nizami Sadıqovun “Xəzər-Lənkəran”ın sükanı arxasında olan təcrübəli həmkarı Ağasəlim Mircavadovla “duel”indən gedir. “Turan”ın ötən mövsümlə müqayisədə güclənməsi nəticədə öz əksini tapdı. Belə ki, “Xəzər-Lənkəran” keçən il evdə 5:0 hesabı ilə yendiyi rəqibi ilə budəfəki görüşdə yalnız xalla kifayətlənməli olur. Özü də “Turan”ın oyunun yarıdan çoxunu moldovalı legioneri Valeri Onila qırmızı vərəqə aldığına görə azlıqda keçirməli olur.

“Neftçi” – “Muğan” - 0:2
Bu görüşün nəticəsinin turun ən böyük sensasiyası olduğunu desək, yanılmarıq. Kim oyundan əvvəl qətiyyətlə söyləyə bilərdi ki, “Neftçi” ötən mövsüm autsayderlərdən sayılan “Muğan”a, özü də evdə yeniləcək? Göründüyü kimi, “Salyan klubunun bosniyalı baş məşqçisi Kemal Alispahiçin flaqmanla görüşdən əvvəl iddialı açıqlamaları əbəs deyilmiş. Təcrübəli mütəxəssis flaqmandan qorxmadıqları, meydana qələbə qazanmaq üçün çıxdıqlarını, buna nail olmağa potensiallarının olduğunu söyləməklə, nə dediyini yaxşı bilirmiş. Bu qələbə ilə bakılılara cari mövsümdə həm ilk dəfə qol vuran, həm də ilk dəfə məğlub edən komanda olan “Muğan” zirvəni onun əlindən aldı. “Ağ-qaralar” isə uzun müddətdən sonra İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda yenildi. Salyanlıların qollarının müəlliflərindən bosniyalı hücumçu Adis Çulov milli çempionatımızda, milli komandamızın sabiq üzvü Vüsal Hüseynov isə yeni klubunda qol hesabını açdı.

“Qarabağ” – “Standard” – 1:0
“Qarabağ” Ağdama qayıdandan sonra uğurlu seriyasını davam etdirir. Komanda doğma məkanda keçirdiyi 4 oyunun 3-də qalib gəlib, 1-də heç-heçə edib. Son qələbə Vaqif Cavadovun cərimə zərbəsindən vurduğu gözəl qolun nəticəsi oldu. “Standard” isə yeni baş məşqçisi Valdas İvanauskasla hələ ki nəticə qazana bilmir. Özü də hər iki məğlubiyyət səfərdə, 0:1 hesabı ilə qeydə alınıb. Bir illik fasilədən sonra milli çempionatımıza qayıdan Ramal Hüseynov dönüşünü 2006-cı ildə heyətində ölkə kubokunu qazandığı “Qarabağ”la görüşdə qeyd etməli oldu. Son yarım ili Türkiyənin “Kocaelispor” klubunda keçirən yarımmüdafiəçi orada komanda yoldaşı olmuş Rəşad Sadıqovla Ağdamdakı meydanda görüşə bilmədi. Buna da səbəb Rəşadın zədə üzündən hələ də “Qarabağ”a kömək edə bilməməsidir.
Maraqlıdır, “Qarabağ”la “Standard”ın görüşündə yenə heç-heçə qeydə alınmadı. Görəsən, ağdamlılar rəqibini ikinci dövrədə də yenəcək? Axı bu komandaların görüşündə ilk dövrədə qalib gələn ikinci dövrədə də eyni nəticəni təkrarlayır.

“İnter” - “Olimpik-Şüvəlan” - 2:2
Bakı klublarının Gürcüstandan olan baş məşqçiləri - Kaxaber Sxadadze ilə Əsgər Abdullayev sülhlə ayrıldılar. Hər halda, bu nəticəyə “İnter”in gürcü baş məşqçisi daha çox sevinməlidir. Axı Sxadadze ardıcıl ikinci oyunda məğlubiyyət təhlükəsi ilə üzləşsə də, bu dəfə yaxşı qurtardı. O, buna görə latviyalı legionerləri – Girts Karlsonla Andre Rubinə minnətdar olmalıdır. Latviya milli komandasının oyunçuları ikinci hissədə vurduqları qolla öz sözlərini dedilər. Cari mövsümdən Azərbaycanda oynayan Karslon 3 görüşdə artıq 2 qol vurub. Ondan fərqli, ölkəmizdə oyun təcrübəsi böyük olan “Olimpik-Şüvəlan”ın moldovalı hücumçusu Anatoli Doroş vurduğu 3-cü qolla Premyer Liqanın cari mövsümündə bombardirlər yarışında yenə vahid liderdir. Doroşun gürcü komanda yoldaşı Roman Qoqinaşvili, ümumiyyətlə ölkəmizdə ilk qolunu vurur.
0