Samir Əliyevdən həyəcan təbili: Hamımız ayılmalıyıq!
14.09.2009 - 14:51
Samir Əliyevdən həyəcan təbili: Hamımız ayılmalıyıq!
“Fikrimcə, “Muğan”a məğlub olmağımıza, arxayınçılıq səbəb oldu. Əvvəldən hesab etdik ki, rəqib bizdən zəifdir və oyunu artıq meydana çıxmamışdan udmuşuq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun hücumçusu Samir Əliyev deyib.

Azərbaycan Premyer Liqasının ilk II turunda 100 faizli nəticə göstərən flaqman vahid lider idisə, dünən öz meydanında gözlənilmədən “Muğan”a (Salyan) uduzdu (0:2). Nəticədə liderliyi Salyan təmsilçisinə təhvil verən “Neftçi” 2-ci pilləyə düşdü. Həmin görüşün iştirakçısı olan Samirin sözlərinə görə, böyük qüvvə ilə müdafiə olan komandanın qapısına yol tapmaq heç də asan deyildi: “İlk hissənin sonunda müdafiədə buraxdığımız qol bizə baha başa gəldi. Nəticədə qısa zamanda 2 qol buraxdıq. Bundan sonra “Muğan” 11 nəfərlə arxaya çəkildi ki, bu da işimizi çətinləşdirdi. Artıq bütün komanda ilə müdafiə olunan Salyan təmsilçisinə qol vurmaq çətin idi”.

Əliyevin fikrincə, indi çempionatımızda zəif komanda yoxdur: “Hamı vuruşur. Nə “Turan”, nə də “Muğan”ı zəif saymaq olar. Kim gözləyərdi ki, “Turan” səfərdə “Xəzər-Lənkəran”dan xal alacaq? Yaxud “Bakı”nın evdə “Simurq”a uduzması, “İnter”in “Olimpik-Şüvəlan”la heç-heçə etməsi də gözlənilməz oldu. Bütün bunlar onu göstərir ki, arxayınlaşmaq olmaz. Bəlkə də belə olması məsləhət imiş. Yəni, “Muğan”a məğlubiyyət hamımızı ayıltmalıdır”.
0