“Muğan”ın qapıçısı nə vaxt qol buraxıb?
14.09.2009 - 15:20
“Muğan”ın qapıçısı nə vaxt qol buraxıb?
Azərbaycan Premyer Liqasının IV turundan sonra qol buraxmayan komandaların sayı 2-yə enib. Apasport.az saytının məlumatına görə, çempionatın arxada qalan 14 matçından sonra yalnız “Qarabağ” və “Muğan” buraxılan qollar xanasında “sıfır”ı saxlaya bilib. Ağdam təmsilçisi cəmi 1 görüş keçiribsə, salyanlılar 3 matçdan sonra da qapısının toxunulmazlığı ilə öyünür.

Ölkəmizdə bu il debüt edən və “Muğan”a transfer olunduğu gündən rəsmi matçlarda qol buraxmayan Edis Kurtanoviç cari mövsümə aid seriyasını 270 dəqiqəyə çatdırıb. Bosniya və herseqovinalı futbolçu sonuncu dəfə vətənində oynadığı vaxt topu tordan çıxarmalı olub. “Muğan”a “Velej” klubundan keçən Edis həmin komandadakı son oyununu bu il aprelin 25-də keçirib. 25-ci turun “Sarayevo” ilə görüşündə mostarlıların qapıçısı 3 qola üzülüb. Kurtanoviçi sonuncu məyus edən Şkoro isə 75-ci dəqiqədə fərqlənib. Bu qarşılaşmadan sonra isə Edisə əsas heyətdə yer tapılmayıb və qolkiper “Muğan”a 15 dəqiqəlik seriya ilə gəlib. Azərbaycanda isə bosniyalı bu seriyanı 285-ə çatdırıb.

Maraqlıdır ki, ötən mövsümün ilk 3 turundan sonra da qapısını toxunulmaz saxlayan debütant sabiq Yuqoslaviya təmsilçisi idi. “Bakı”nın xorvatiyalı futbolçusu Marko Şarliya Azərbaycanda debüt etdiyi gündən sonra 3 matç qapısında qol görmədi. Beşinci turda isə “Karvan” Markonu 3 qolla məyus etdi. İndi isə Kurtanoviç 1-ci turda “Karvan” səddini adlamalıdır. Sabiq həmyerlisi (Yuqoslaviya üzrə) kimi yevlaxlılarla öz meydanında qarşılaşacaq Edis Şarliyadan fərqli 4 yox, 3 quru matç keçirib. Bu da 3-cü turun təxirə salınması ilə bağlıdır.
0