“Xəzər-Lənkəran” sabah “Bakı”nı baş məşqçisiz qoya bilər
15.09.2009 - 11:25
“Xəzər-Lənkəran” sabah “Bakı”nı baş məşqçisiz qoya bilər
Sabah Azərbaycan Premyer Liqasında I turdan təxirə salınan 2 görüş keçiriləcək. Apasport.az saytının məlumatına görə, avrokuboklarda çıxışı ilə əlaqədar ilk turda oyunları ertələnən “Bakı” və “Qarabağ” həmin səfər matçlarına sabah çıxacaq.

Ötən tur öz meydanında vacib xallar itirən “Bakı” ilə “Xəzər-Lənkəran”ın Lənkəranda növbəti görüşü böyük maraq doğurur. Belə ki, bu komandaların əvvəlki oyunları gərgin mübarizə şəraitində keçib və prinsipiallığı ilə seçilib. İndi həm “Xəzər-Lənkəran”a, həm də “Bakı”ya qələbə hava-su kimi lazımdır və növbəti xal itkisi yolverilməzdir.

Cari mövsümdə hər 3 oyununu evdə keçirən lənkəranlılar “Turan”la görüşdəki heç-heçəyə görə son Azərbaycan çempionu üzərində qələbə qazanmaqla, bəraət qazana bilərlər. Cari mövsümə öz meydanında “Simurq”a məğlubiyyətlə (1:2) başlayan “Bakı” səfərdə güclü rəqibə qarşı oynamasına baxmayaraq, yalnız qələbəyə köklənib. Çünki avrokubokları da nəzərə alsaq, 4 görüşdür meydanı məğlubiyyətlə tərk edən ölkə çempionuna qalibiyyət ilk növbədə psixoloji durumu yaxşılaşdırmaq üçün lazımdır.

Son vaxtlar istefası haqda müxtəlif söz-söhbətlər gəzən “Bakı”nın makedoniyalı baş məşqçisi Qyoko Hacıyevski bu dəfə də məğlub olarsa, işini xeyli çətinləşdirmiş olacaq. “Xəzər-Lənkəran”ın yarımmüdafiəçisi Ramazan Abbasov üçün “Bakı” ilə oyun xüsusi prinsipial xarakter daşıyır. Belə ki, bu klubun yetirməsi olan 26 yaşlı futbolçu daha çox ehtiyatda oturmasını əsas gətirərək, mövsümlərarası fasilədə “Xəzər-Lənkəran”a keçdi.

“Turan”ın baş məşqçisi Nizami Sadıqov ardıcıl ikinci oyuna ona yaxşı tanış həmkarı ilə görüşəcək. Veteran qapıçı Ağasəlim Mircavadov (“Xəzər-Lənkəran”) kimi Qurban Qurbanovun da köməkçisi olub. “Qarabağ”da bir ilə yaxın çalışan 42 yaşlı Sadıqov avrokuboklarda mövsümün gedişi zamanı “Turan”dan gələn təklifi dəyərləndirərək, doğma məkana qayıdıb. “Qarabağ”la görüş Tovuzda yeni mövsümdə ilk oyun olacağını nəzərə alsaq, meydan sahibləri doğma azarkeşlərini qələbə ilə sevindirməyə çalışacaq. Əslində, 37 yaşlı Qurbanov üçün “Turan” yaxşı tanıdığı komandadır.

Belə ki, veteran hücumçu 1994-cü ildə Tovuz klubunun heyətində ölkə çempionluğunu qazanıb və həmin vaxt Sadıqovla çiyin-çiyinə oynayıb. “Turan”ın yetirməsi olan Elvin Məmmədov bu dəfə Tovuzda “İnter”in yox, “Qarabağ”ın futbolçusu kimi meydana çıxacaq. “Qarabağ”ın digər oyunçularından Aftandil Hacıyev, Ayxan Abbasov, Elnur Allahverdiyev və Əfran İsmayılov da vaxtilə “Turan”da çıxış edib.

16 sentyabr

17:00. “Turan” – “Qarabağ”
Baş hakim: Fariz Yusifov
Hakim-köməkçiləri: Azad Q.Hüseynov, Munis Abdullayev, Azad Mütəllimov
Tovuz. Şəhər stadionu

18:00. “Хəzər-Lənkəran” – “Bakı”
Baş hakim: Anar Salmanov
Hakim-köməkçiləri: Azər Əsgərov, Azər Məmmədov, Əfqan Həmzəyev
Lənkəran. Mərkəzi stadion
0