“Bakı” rəhbərliyindən baş məşqçiyə sərt mesaj: Sabah da uduzsaq...
15.09.2009 - 11:50
“Bakı” rəhbərliyindən baş məşqçiyə sərt mesaj: Sabah da uduzsaq...
“Komandanın hazırkı çıxışı bizi razı salmır. Vəziyyət düzəlməsə, nəsə fikirləşməli olacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Azərbaycan çempionunun axır vaxtlarda çıxışı rəhbərliyi qane etmir. Avropa Liqası oyunları da daxil olmaqla, son 4 görüşdə uduzan “Bakı”nın yeni mövsümə də məğlubiyyətlə başlaması rəhbərliyin səbr kasasını daşırıb. Yəni, “Xəzər-Lənkəran”la sabah baş tutacaq görüş “Bakı”nın makedoniyalı baş məşqçisi Qyoko Hacıyevski üçün son şans ola bilər.

Məmmədov Lənkərandakı qarşılaşmadan sonra bir çox mətləblərə aydınlıq gələcəyini düşünür: “İlk növbədə onu deyim ki, Hacıyevski hələlik rəsmən istefa verməyib. Ancaq getmək istəsə, gedəcək. “Xəzər-Lənkəran”la görüşdə də uduzsaq, baş məşqçi postunda dəyişiklik olacaqmı? Hər şey ola bilər. Bunu zaman göstərəcək”.

Vitse-prezident komanda daxilində vəziyyətin qaydasında olduğunu söyləyib: “Hacıyevskiyə kənardan təsir yoxdur. Futbolçuların bilərəkdən oynamamasından söhbət gedə bilməz. Açığı, belə yaxşı heyətə malik olduğumuz halda, uğursuz çıxışımızın səbəbi bizə də qaranlıq alır. Zəruri olarsa, baş məşqçi dəyişikliyi etməyimiz mümkündür. Hər halda, uğursuz çıxışımız davam edərsə, başqa əlacımız yoxdur”.
0