49 yaşlı “futbolçu” Azərbaycanda rekord vurmaq istəyir
15.09.2009 - 17:57
49 yaşlı “futbolçu” Azərbaycanda rekord vurmaq istəyir
“49 yaşımda meydana çıxmağımı böyütməyə ehtiyac yoxdur. Bu, sadəcə məcburiyyətdən atılmış bir addım idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Şaban Şirdanov deyib.

Uşaq məşqçisi kimi tanınan 49 yaşlı mütəxəssis əvəzedicilərin son turunda “Bakı” ilə səfər oyununun 74-cü dəqiqəsində meydana çıxsa da, “Simurq”u məğlubiyyətdən (0:2) xilas edə bilməyib. Şirdanovun sözlərinə görə, meydana çıxmaqla uzun müddətdir çalışdırdığı futbolçularını ruhlandırmaq istəyib: “Komandamızın əsasını təşkil edən 15-17 yaşlı futbolçuların təcrübəsi azdır. Onları meydanda idarə etmək asandır, nəinki ondan kənarda. Yetirmələrimin potensialını üzə çıxarmaq, onların özlərini inam hissini artırmaq üçün meydana çıxmağa məcbur oldum. Bizim üçün hər cür şərait yaradan rəhbərlik əvvəl buna tərəddüd etsə də, sonradan qərarımı anlayışla qarşıladı. Hər halda, baş məşqçinin özünün də meydana çıxması xoşagələn iş deyil. Ancaq yeniyetmə futbolçularımız mən meydanda olanda ürəklə oynadıqlarını gizlətmirlər”.

Oyun qurucusu mövqeyində çıxış edən baş məşqçi bildirib ki, ehtiyac olarsa, bu hərəkəti təkrarlana bilər: “Yaşıl meydanda çıxışımı davam etdirə bilərəm. Ancaq bunun üçün formada olmaq lazımdır. İndiki vəziyyətdə 30 dəqiqə oynamağa gücüm çatar. Daha çox oynamaq üçün fiziki hazırlığı artırmaq lazımdır. Gələcəkdə çıxışımı davam etdirməklə rekord vurmağım istisna deyil. Necə deyərlər, hər şey ola bilər. “Simurq”un əsas komandasında oynamağım isə obrazlı görünür. Məncə, buna toxunmağa lüzum yoxdur”.

Sabah 49 yaşı tamam olacaq Şirdanov daha çox Qurban Qurbanovun ilk məşqçisi olması ilə tanınır. Növbəti tur çərçivəsində həftəsonu “Qarabağ”la görüşəcək “Simurq”un çalışdırıcısı ad gününə ən yaxşı hədiyyə kimi qələbəni sayır: “Qalib gəlmək istəmirsənsə, onda meydana çıxmağa dəyməz. Yetirməm Qurban Qurbanovla yaxşı münasibətlərimiz davam edir. Onunla yaşıl meydanda görüşmək istərdim. Hesab edirəm ki, Qurban karyerasını tez bitirdi. Bu, Azərbaycan səviyyəsində erkən idi. Qurbanovun bu qərarı ilə razılaşmamış və fikrimi ona demişdim. Zədə problemi olsaydı belə, fikrimcə, yenə oynaya bilərdi”.

Qeyd edək ki, Qurban Qurbanov futbolçu karyerasını 2005-ci ilin payızında - 33 yaşında bitirib. “Qarabağ”ın 37 yaşlı çalışdırıcısı növbəti turda doğulub, boya-başa çatdığı Zaqatalada qonaq olacaq.
0