Sultanov ikinci oyununda “ilişdi”
18.09.2009 - 12:31
Sultanov ikinci oyununda “ilişdi”
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, komitə üzvləri Premyer Liqanın I turundan təxirə salınan matçlarda, həmçinin ölkə kubokunun ilk görüşlərində baş verənləri müzakirə edib uyğun qərarlar çıxarıb.

Sentyabrın 16-da start fiti verilən “Xəzər-Lənkəran” – “Bakı” matçı əlverişsiz hava şəraiti (güclü yağış) olduğu üçün 11-ci dəqiqədə dayandırılıb. Yarışların əsasnaməsinə uyğun olaraq qarşılaşma dayandırıldığı dəqiqədən etibarən başqa tarixdə davam etdiriləcək. Oyunun keçirilmə tarixini PFL müəyyən edir.

Əvəzedici heyətlərinin I turunun təxirə salınmış “Olimpik-Şüvəlan” – “Neftçi” matçında qonaqların 5, “Turan” – “Qarabağ” oyununda isə meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər 2 klub 500 manat cərimə olunub. Oyunun 67-ci dəqiqəsində “Qarabağ” klubunun futbolçusu Rauf Əliyev rəqibini əllə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalandırılıb və ağdamlıları 1000 manat ziyana salıb.

Azərbaycan kubokunun 1/16 final oyunlarının ilk görüşlərinin “Anşad Petrol” – “Şahdağ” matçının 31-ci dəqiqəsində ikinci sarı vərəqəyə görə meydandan qovulmaqla qonaqları azlıqda qoyan Şıxqayıb Şıxqayıbov növbəti qarşılaşmada da “istirahət edəcək və qusarlılar 20 manat cərimə ödəməli olacaq.

“MKT Araz” – “Bakılı” matçında imişlililərin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində “Bakılı” klubunun baş məşqçisi Elman Sultanov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalandırılıb və bakılılar 400 manat ziyana düşüb.

Bu Azərbaycan milli komandasının sabiq futbolçusunun baş məşqçi postunda ikinci oyunu idi. Mövsümün ilk məşqçi dəyişikliyindən sonra bəxtiyar Qulamovu əvəzləyən gənc çalışdırıcı bu ampluada ilk cəzasını alıb.

“Gəncə” – “Rəvan” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 100 manat cərimə olunub.

MOİK – “Neftçi” İSM matçında hər iki komanda ziyana düşüb. “Neftçi” İSM klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 100, MOİK isə oyunun 82-ci dəqiqəsində meydandan qovulan Emil Kitelmana görə 200 manat ödəməli olacaq. Hakimi təhqir edən oyunçunun özü isə iki oyunluq kənarlaşdırılıb.
0