489 gündən sonra...
18.09.2009 - 12:59
489 gündən sonra...
Azərbaycanın ən böyük şəhərlərindən olan Sumqayıtda 489 gündən sonra milli çempionat oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, futbol ölkə birinciliyinin əksəriyyətində təmsil olunan “gənclik şəhəri”nə 16 aydan sonra qayıdır. Bu da Bakının “Standard” klubunun cari mövsümdən Sumqayıtı təmsil etməsi nəticəsində mümkün olub. Komanda yeni məkanda ilk rəsmi matçını sabah keçirəcək ki, rəqib adlı-sanlı “Neftçi”dir.

Sumqayıtın sonuncu təmsilçisi “Gənclərbilriyi” ötən il Premyer Liqada yerini qoruya bilmədiyi üçün birinci diviziona düşdü. Ancaq həmin vaxt klub dağıldığından çıxışını aşağı liqada davam etdirmədi. “Gənclərbirliyi”nin timsalında Sumqayıtda keçirilən həmin sonuncu rəsmi oyun 2008-ci il mayın 18-də olub. “İnter”lə keçirilən görüş sumqayıtlıların böyük hesablı məğlubiyyəti (0:3) ilə nəticələnib. Maraqlısı odur ki, “Gənclərbirliyi” son rəsmi görüşünü məhz “Standard”la keçirib. Həmin vaxt “Standard” paytaxtı təmsil etdiyi üçün rəqibini “Şəfa” stadionunda qəbul edib və mayın 27-də keçirilən oyunda 3:2 hesabı ilə qalib gəlib. Göründüyü kimi, sumqayıtlıları böyük futboldan “Standard” yola salıb. Həmin vaxt “Gənclərbirliyi”ndə oynayan gənc qapıçı İlkin Bağıyev hazırda “Standard”dın şərəfini qoruyur.

Hazırda da “Standard”ın üzvləri arasında Sumqayıt futbol məktəbinin yetirməsi olanlar var. Bunlar 37 yaşlı yarımmüdafiəçi Aqil Məmmədovla gənc məşqçi Elbrus Məmmədovdur. Karyerasının böyük hissəsini Sumqayıtda keçirən Aqil doğma şəhərin bir neçə təmsilçisində oynayıb. O, hazırda çempionatımızın demək olar ən yaşlı futbolçusudur. Aqilin vaxtilə “Neftçi”də oynayıb, Elbrusun isə onun məşqçisi olduğunu nəzərə alsaq, Məmmədovlar keçmiş komandaları ilə görüşəcək.
0