Valdas İvanauskas “Neftçi” ilə oyunu yenə yarımçıq tərk edəcək? - ARAŞDIRMA
18.09.2009 - 14:13
Valdas İvanauskas “Neftçi” ilə oyunu yenə yarımçıq tərk edəcək? - ARAŞDIRMA
Azərbaycan Premyer Liqasının V turunda baş tutacaq “Standard” - “Neftçi” görüşü Valdas İvanauskas - Arif Əsədov qarşıdurması kimi də diqqət çəkəcək. Apasport.az saytının hesablamalarına görə, hazırda komandaların sükanı arxasında olan bu məşqçilərin yolları SSRİ dövründə 3 dəfə kəsişib. Əsədov həmin vaxt “Neftçi”, İvanauskas isə “Jalgiris”in şərəfini qoruyub.

43 yaşlı litvalı həmin vaxt həmyerlimizdən ölkə çempionatı və kubokunda hər 2 görüşdə üstün olub. Özü də bu qarşılaşmalar Vilnüsdə keçirilib. 39 yaşlı Əsədov İvanauskasla üçüncü dəfə də Litva paytaxtında görüşüb və nəhayət, uğursuzluğa son qoya bilib. Düzdür, bu, SSRİ çempionatı və kuboku ilə müqayisədə kölgədə qalan Federasiya kubokuna təsadüf edib. Ayrı-ayrı qruplarda mübarizə aparan “Jalgiris”lə “Neftçi” ¼ finala çıxmaq vəzifəsini yerinə yetirib. Bu mərhələdən başlayaraq, qalib bir oyunda müəyyənləşirdi və həmin görüş də Litvada olub. Heç-heçə (2:2) nəticələnən görüşdə qalib penalti zərbələri ilə müəyyənləşdirilib. Bu zaman daha dəqiq olan komandamız 4:2 hesabı ilə qalib gəlib. Ancaq nə İvanauskas, nə də Əsədov həmin 11 metrlik cərimə zərbələrini yerinə yetirənlər arasında olub.

Yeri gəlmişkən, həmin mövsüm, yəni 1988-ci ildə SSRİ çempionatının güclülər dəstəsini tərk edən “Neftçi” Federasiya kubokunda uğurla çıxıb. Finaladək irəliləyən “ağ-qaralar” həlledici görüşdə Qazaxıstanın “Kayrat” klubuna yenilib. Maraqlıdır ki, bu komanda da “Neftçi” kimi həmin mövsümdə birinci liqaya düşüb.

İvanauskas çıxışı ilə tanındığı “Jalgiris”ə 1984, Əsədov isə “Neftçi”yə 1985-ci ildə gəlib. Ancaq 1987-ci ilə kimi bu komandaların görüşündə onlar forma geyinməyib. Həmyerlimizlə müqayisədə daha çox meydana çıxan İvanauskas bütün turnirləri nəzərə alsaq, “Neftçi” ilə 6 dəfə görüşüb. Litvalı bunun 3-də qalib gəlib, 2-də uduzub, bir oyun isə heç-heçə nəticələnib.

Maraqlısı odur ki, İvanauskas “Neftçi” ilə SSRİ çempionatı və kuboku oyunlarda əsas heyətdə yer alsa da, hər dəfə əvəzləndiyindən görüşü yarımçıq tərk etməli olub. İstisna yalnız Federasiya kubokunda olub ki, həmin görüşdə Əsədov “Jalgiris”lə oyunlardan fərqli, bu dəfə əvəzlənib. Ancaq onların heç biri “Neftçi” – “Jalgiris” oyunlarında nə qol vurub, nə də vərəqə alıb.

İyulda “Standard”ın yeni baş məşqçisi təyin edilən İvanauskas keçirdiyi 2 oyunda 0:1 hesabı ilə uduzduğundan ilk xalını “Neftçi” ilə görüşdə qazanmağa iddialıdır. Əsədov isə “Neftçi”nin baş məşqçisi Böyükağa Ağayevin səhhətində problem yarandığı üçün müvəqqəti iş başındadır.

1987-ci il mövsümü
7 aprel 1987-ci il. SSRİ çempionatının oyunu
Bakı. “Neftçi” – “Jalgiris” – 1:0
Arif Əsədov oynamayıb, Valdas İvanauskas əsas heyətdə meydana çıxıb və 46-cı dəqiqədə əvəzlənib.

29 iyul 1987-ci il. SSRİ çempionatının oyunu
Vilnüs. “Jalgiris” – “Neftçi” – 1:1
Valdas İvanauskas əsas heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib, Arif Əsədov oynamayıb.

1988-ci il mövsümü
27 mart 1988-ci il. SSRİ çempionatının oyunu
Vilnüs. “Jalgiris” – “Neftçi” – 2:0
Valdas İvanauskas əsas heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib, Arif Əsədov 90 dəqiqə oynayıb.

22 oktyabr 1988-ci il. SSRİ çempionatının oyunu
Bakı. “Neftçi” – “Jalgiris” – 1:2
Arif Əsədov oynamayıb, Valdas İvanauskas əsas heyətdə meydana çıxıb və 32-ci dəqiqədə əvəzlənib.

SSRİ kuboku
1987/88 mövsümü, ¼ final
13 aprel 1988-ci il. Vilnüs. “Jalgiris” – “Neftçi” – 2:1
Valdas İvanauskas əsas heyətdə meydana çıxıb və 45-ci dəqiqədə əvəzlənib, Arif Əsədov 90 dəqiqə oynayıb.

1988-ci il III Federasiya kuboku, ¼ final
28 avqust 1988-ci il. Vilnüs. “Jalgiris” – “Neftçi” – 2:2 (oyun sonrası penaltilərlə - 2:4)
Valdas İvanauskas 90 dəqiqə oynayıb, Arif Əsədov əsas heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.
0