FİFA Bakıdakı oyun öncəsi Rusiya yığmasını stimullaşdırdı
30.09.2009 - 14:20
FİFA Bakıdakı oyun öncəsi Rusiya yığmasını stimullaşdırdı
FİFA prezidenti Yozef Blatterin yeni açıqlaması Rusiya milli komandasını Azərbaycan yığması ilə rəsmi oyuna ciddi yanaşmağa sövq edib. Apasport.az saytının məlumatına görə, 2010-cu il dünya çempionatının seçmə mərhələsində son rəsmi oyununu oktyabrın 14-də Bakıda keçirəcək şimal qonşularımız CAR-da təşkil olunacaq mundiala birbaşa qatılmağa iddialıdır. Bunun üçün milli komandamızı, həmin görüşdən gün 4 əvvəl isə Moskvada Almaniya yığmasını məğlub etməli olan ruslar Blatterin bu açıqlamasından sonra Bakıdakı matçda qələbənin nə qədər mühüm olmasını anlayıb. Blatter bildirib ki, qruplarda 2-ci yeri tutaraq pley-off oyunlarına vəsiqə qazanan yığmalar mütləq reytinqlərinə görə səpələnəcəklər: “Biz dünya çempionatının final mərhələsinə çıxmağa namizəd olan həmin 8 milli komandanı mütləq iki qrupa böləcəyik. Onlar FİFA-dakı reytinqlərinə uyğun olaraq yerləşəcək. Ayrıca olacaq püşk isə kimin ilk oyunu evdə keçirəcəyini müəyyənləşdirəcək”.

CAR-da keçiriləcək dünya çempionatına Avropadan 13 yer ayrılıb. Mundiala birbaşa vəsiqə qazanmaq üçün mütləq qrup qalibi olmaq lazımdır. Ruslar Moskva və Bakıdakı oyunlarda qələbə qazana bilməzsə, pley-off oyunlarında İrlandiya, Bosniya və Herseqovina, İsveç yığması kimi heç də asan olmayan rəqiblərdən biri ilə düşə bilər. Bu mərhələdə mübarizəni “validol futbolu” hesab edən ruslar belə şeylə üzləşməmək üçün ən yaxşı yolun Bakıda dünya çempionatına vəsiqə qazanmaq olduğunu qətiləşdirib.