Allan Lalin: Vəziyyət az qala vətəndaş müharibəsi həddinə çatmışdı
16.10.2009 - 11:32
Allan Lalin: Vəziyyət az qala vətəndaş müharibəsi həddinə çatmışdı
“Son zamanlar Hondurasda siyasi vəziyyət bir qədər qarışıq idi. Az qala vətəndaş müharibəsi həddinə çatmışdı. Xalqımız çox çətinliklər yaşamışdı. Odur ki, milli komandamızın bu uğuru onların əzablarının qarşılığı oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran” klubunun honduraslı hücumçusu Allan Lalin deyib.

Lalinin vaxtilə şərəfini qoruduğu Honduras yığması 27 illik fasilədən sonra dünya çempionatına vəsiqə qazanıb. Bunu tarixi uğur kimi qiymətləndirən Lalin həmin vəsiqəni futbolçuların xalqa hədiyyəsi sayır. Unibank Premyer Liqasının son turunda “Muğan”la ev oyununda etdiyi dubla vacib qələbədə əsas pay sahibi olan, bununla da ölkəmizdə qol hesabını açan Allan yığmasının son oyunlarına çağırılmır. Axır dörd görüşdə iştirak etməyən və bununla da tarixi zəfərin qazanılmasında birbaşa iştirak etməyən hücumçu buna görə baş məşqçidən inciməyib: “Necə inciyim axı? O mənə hər zaman inanıb. Sadəcə, bilir ki, hələ “Gold Cup”da aldığım zədədən sonra formamı tam bərpa etməmişəm. İndi-indi özümə gəlirəm. Honduras mətbuatı mənimlə müntəzəm maraqlanır, Rueda mənə inanır. Odur ki, mundial arzusunu həyata keçirmək şansım çox yüksəkdir. Bir də ki, bu mənə əlavə stimul verəcək ki, formamı mümkün qədər yaxşılaşdırım”.

Qeyd edək ki, “Xəzər-Lənkəran”a Lalini bu yayda transfer edib.

Mənbə: lankaranfc.com
0