“Qızıl top” mükafatına namizədlərin siyahısı açıqlandı
19.10.2009 - 09:56
“Qızıl top” mükafatına namizədlərin siyahısı açıqlandı
Fransanın nüfuzlu “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatına namizədlərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropanın ən yaxşı futbolçusuna verilən mükafata köhnə qitə klublarında forma geyinən 30 oyunçudan biri yiyələnəcək.

Son qitə çempionu, dünya çempionatının seçmə mərhələsində xal itirməyən İspaniya yığması 6 futbolçu ilə təmsil olunduğu siyahıda say üstünlüyü qazanıb: İker Kasilyas (“Real” Madrid), Sesk Fabreqas (“Arsenal”, İngiltərə), Fernando Torres (“Liverpul”, İngiltərə), Andres İnyesta, Xavi (hər ikisi “Barselona”, İspaniya), David Vilya (“Valensiya”, İspaniya).

Braziliyalılardan beşi Avropanın ən yaxşısı seçilə bilər. Dieqo (“Verder”, Almaniya), Julio Sezar, Maykon (hər ikisi “İnter”, İtaliya), Kaka (“Milan”, İtaliya/“Real” Madrid), Luis Fabiano (“Sevilya”, İspaniya) “Qızıl top” iddiasındadır. Fransalılar namizədlər siyahısına həmyerlilərindən dördünü daxil edib: Kərim Benzema (“Real” Madrid/“Lion” Fransa), İoann Qyurkyuff (“Bordo”, Fransa), Tyeri Anri (“Barselona”, İspaniya), Frank Riberi (“Bavariya”, Almaniya).

Namizədlərin yarısını – 15-ni öz aralarında bölüşən İspaniya, Braziliya və Fransa təmsilçiləri ilə yanaşı, rusiyalı Andrey Arşavin (“Arsenal”, İngiltərə), portuqaliyalı Kriştianu Ronaldo (“Mançester Yunayted”, İngiltərə/“Real” Madrid), bosniya və herseqovinalı Edin Dzeko (“Volfsburq”, Almaniya), kot-d’ivuarlılar Didye Droqba (“Çelsi”, İngiltərə), Yaya Ture (“Barselona”, İspaniya), kamerunlu Samuel Eto’O (“Barselona”, İspaniya/“İnter”, İtaliya), uruqvaylı Dieqo Forlan (“Atletiko”, İspaniya), ingilislər Stiven Cerrard (“Liverpul”, İngiltərə), Frank Lempard, Con Terri (hər ikisi “Çelsi”, İngiltərə), Ueyn Runi, uelsli Rayan Qiqqz (hər ikisi “Mançester Yunayted”, İngiltərə), isveçli Zlatan İbrahimoviç (“İnter”, İtaliya/“Barselona”, İspaniya), argentinalı Lionel Messi (“Barselona”, İspaniya) və serbiyalı Nemanya Vidiç (“Mançester Yunayted”, İngiltərə) də namizədlər arasında yer alıb.

“Qızıl top”un sahibinin adı dekabrın 1-də açıqlanacaq. Qitənin ən yaxşı futbolçusunun mükafatlandırılması isə 4 gün sonra ayın 6-da təşkil olunacaq tədbirdə gerçəkləşəcək.