Unibank Premyer Liqasında Avropa rekordu qeydə alındı
19.10.2009 - 10:44
Unibank Premyer Liqasında Avropa rekordu qeydə alındı
Bakının “İnter” klubunun latviyalı futbolçusu Andrey Rubin Avropa rekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi 4 gün ərzində vurduğu 4 qolla ötən həftənin ən sərrast oyunçusu olub. Özü də Rubin ötən həftə meydana çıxdığı hər iki oyunda dubla imza atıb.

O, oktyabrın 14-də milli komandasının heyətində 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Moldova ilə ev oyununda 13 (31 və 44), bundan 4 gün sonra Unibank Premyer Liqasının VII turu çərçivəsində “Muğan” klubu ilə görüşdə 3 dəqiqəyə (15 və 18) dubl edib. Göründüyü kimi, Riqada əsası qoyulan rekord Salyanda qeydə alınıb və hər iki halda, oyunun ilk hissəsində fərqlənən latviyalı komandalarının qələbəsindən əsas pay sahiblərindən olub.

Rubinin bu rekorduna məşhur həmkarları – italyan Alberto Cilardinyo ilə bolqar Dimitar Berbatov şərik ola bilmədi. Hər iki hücumçu ötən çərşənbə dünya çempionatının seçmə mərhələsində ev oyunlarında het-trikə imza atıb. Cilardinyo Kiprlə oyunda buna 12 dəqiqəyə (78, 81, 90) imza atmaqla, yığmasına əzmkar qələbə (3:2) qazandırıb, Berbatov isə Gürcüstanla görüşdə 29 dəqiqəyə (6, 23, 35) het-trik etməklə, böyük hesablı qələbəyə (6:2) səbəbkar olub. Maraqlıdır ki, Dimitar bu qollardan ikisini Rubinin “İnter”dəki komanda yoldaşı, Gürcüstan yığmasının qapıçısı Georgi Lomayaya vurub. Lomaya həmin görüşün 29-cu dəqiqəsində “Qəbələ” klubunun sabiq qapıçısı Zurab Mamaladze ilə əvəzləndiyi üçün Berbatovun üçüncü qolu onun payına düşüb. Ancaq nə Cilardinyo, nə də Berbatov ötən həftəsonu çıxış etdikləri çempionatlarda qol vura bildi.

Qeyd edək ki, ötən yay ölkəmizə gələn Rubin keçən mövsüm 6 qol vurduğu Premyer Liqamızın gümüş medalçısı olub. “Muğan”la görüşdə yubiley – 25-ci oyununa çıxan Andrey çempionatımızda vurduğu qolların sayını 9-a çatdırdı.