“Neftçi”nin Ağdam sindromu
19.10.2009 - 11:20
“Neftçi”nin Ağdam sindromu
Bakının “Neftçi” klubu Ağdamda sindromla üzləşir. Apasport.az saytının hesablamalarına görə, flaqman milli çempionatlar tarixində bu məkanda yerli “Qarabağ” klubu ilə keçirdiyi hər üç oyunda uduzub.

İlk milli çempionatda bu komandaların Ağdamdakı görüşü “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə nəticələnib. Növbəti çempionatda “Neftçi” prinsipial rəqibi ilə ayrı-ayrı qruplarda çıxış etdiklərindən yalnız ölkə kubokunda üz-üzə gəliblər. Turnirin 1/4 final mərhələsi çərçivəsində keçirilən ilk oyun Ağdamda olub və “Qarabağ” “Neftçi”ni yenə məğlub edib – 2:1.

Bundan sonra məlum hadisələrlə əlaqədar “ağ-qaralar” Ağdama növbəti səfəri üçün 16 il gözləməli oldu. Ancaq üçüncü səfər də həmin ssenarinin təkrarı oldu və “Neftçi” Ağdamda “İmarət” stadionunda olduğu kimi, Quzanlıda “Qarabağ”a minimal hesabla uduzdu – 0:1. Bununla da flaqmanın yeni baş məşqçisi Vaqif Sadıqov 8 illik fasilədən sonra milli çempionatımıza qayıdışını məğlubiyyətlə qeyd etdi. Təcrübəli mütəxəssis buna qədər sonuncu dəfə 2001/02 mövsümündə Bakının “Şəfa” klubunun sükanı arxasında olmuşdu.

Qeyd edək ki, 1993-95-ci illərdə “Neftçi”ni çalışdırmış Sadıqov bu komanda ilə ölkə kubokunu və bürünc medal qazanıb.