Sxadadze “Muğan”ın tarixinə düşdü
19.10.2009 - 11:25
Sxadadze “Muğan”ın tarixinə düşdü
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Salyanın “Muğan” klubunun tarixə düşüb. Apasport.az saytının hesablamalarına görə, “Muğan” ikinci mövsümdür çıxış etdiyi güclülər dəstəsində ən böyük hesablı məğlubiyyətini Unibank Premyer Liqasının son turunda “İnter”lə ev oyununda (1:6) alıb.

Bu, 16-cı aydır Azərbaycanda çalışan Sxadadzenin ölkəmizdə qazandığı ən böyük hesablı qələbə olub. Ölkəmizə 2008-ci ilin qışında gələn 41 yaşlı gürcü mütəxəssis bir il Bakının “Standard” klubunun baş məşqçi postunda yer aldı. Sxadadze həmin komanda ilə 2007/08 mövsümünün ikinci dövrəsində evdə aprelin 5-də Zaqatala “Simurq”unu (3:0), mayın 9-da Bərdə ABN-ni (6:0) böyük hesabla məğlub edib. İndi Sxadadze 4-cü aydır çalışdığı “İnter”də ən böyük hesablı qələbəsini Salyanda qazandı. Bu, “Muğan”ın bosniyalı baş məşqçisi Kemal Alispahiçin ölkəmizdə ilk böyük hesablı yenilgisi oldu.

Sxadadze kimi, böyük hesablı qələbədə əməyi olan “İnter”in digər əcnəbiləri də ilkə imza atıblar. Litva milli komandasında və Rusiya Premyer Liqasında çıxışı ilə tanınan təcrübəli hücumçu Robertas Poşkus “Muğan”la görüşdə etdiyi dublla qol hesabını açıb. “Standard”da elə Kaxaber Sxadadzenin rəhbərliyi altında oynamış braziliyalı yarımmüdafiəçi Leandro Roşa isə “İnter”də ilk qolunu Salyanda vurub.