Yığmamızın futbolçusu Rusiya çempionu oldu
19.10.2009 - 11:34
Yığmamızın futbolçusu Rusiya çempionu oldu
Rusiya çempionatının sonuna bir tur qalmış qadınlardan ibarət “Zvezda-2005” klubu ölkə çempionu adını qazanıb. Apasport.az saytının məlumatına görə, “İzmaylovo” ilə səfərdə keçirilən matçda minimal hesablı qələbə qazanan Perm təmsilçisi üçüncü dəfə qızıl medallara qovuşub. “Zvezda-2005”in şərəfini qoruyan Azərbaycan milli komandasının sabiq oyunçusu Olqa Vasilyeva da həlledici qarşılaşmanın iştirakçısı olub. “İzmaylovo” ilə matçda yalnız 90-cı dəqiqədə meydana daxil olan Vasilyeva ölkə çempionu titulunun sahibi olub.

Xatırladaq ki, Olqa 2007-ci ilin noyabrında Avropa çempionatının Bolqarıstanda təşkil olunan təsnifat mərhələsində yığmamızın heyətinə cəlb olunub. Rumıniya (1:4), Estoniya (3:2), Bolqarıstan (0:3) komandaları ilə matçların hamısında start heyətində meydana çıxan Vasilyeva millimizin rəsmi qarşılaşmalardakı yeganə qələbəsinin memarı olub. O, estoniyalılarla matçda hesab 1:2 olarkən 81 və 83-cü dəqiqələrdəki qollarla dubla imza atıb.

Olqa ilə yanaşı, Azərbaycan futbolunda “Kömrükçü”nün heyətindəki çıxışları ilə tanış olan Vera Dyatel, Alla Lişafai də növbəti çempionluğun sevincini yaşayıblar.