Futbolumuzda yeni “duel”, yaxud 15 il əvvəlki Tovuz hadisələri - ARAŞDIRMA
19.10.2009 - 13:16
Futbolumuzda yeni “duel”, yaxud 15 il əvvəlki Tovuz hadisələri - ARAŞDIRMA
“Qarabağ” və “Neftçi” klublarının baş məşqçiləri - Qurban Qurbanovla Vaqif Sadıqovun Unibank Premyer Liqasının VII turu çərçivəsində Ağdamdakı görüşünü tələbə-müəllim qarşıdurması kimi xarakterizə etmək olar. Apasport.az saytının məlumatına görə, məşqçi kimi ilk dəfə görüşən Qurbanovla Sadıqovun “duel”ində birinci qalib gəldi - 1:0. Halbuki, Qurbanov öz müəllimindən 13 yaş kiçikdir. 37 yaşlı veteran hücumçu futbolçu karyerası dövründə Sadıqovun rəhbərliyi altında milli komandamızda uzun müddət oynayıb. Əsas yığmamızda 67 oyunda 14 qol vuran Qurbanov Sadıqovun başçılığı altında 25 görüşdə meydana çıxıb və 3 dəfə fərqlənib. O, həmin matçların demək olar, hamısında əsas heyətdə olub.

Sadıqovla Qurbanovun birgə fəaliyyəti zamanı bir sıra maraqlı məqamlar yaşanıb. Əvvəla, Sadıqov milli komandamızı çalışdırdığı üç müxtəlif vaxtda ən çox Qurbanova güvənib. Futbol tariximizə ən acı məğlubiyyətlərdən biri kimi düşən, 11 il öncə Vaduts şəhərində keçirilən Lixtenşteyn - Azərbaycan oyununda (2:1) milli komandamızın baş məşqçisi Vaqif Sadıqov, görüşdə yeganə qolunun müəllifi isə Qurban Qurbanov olub. Qurbanov futbolçu karyerasında sonuncu oyunu da elə Sadıqovun rəhbərliyi atlında keçirib: 2005-ci ilin sentyabrın 7-də Azərbaycan və Avstriya milli komandaları arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada.

Yeri gəlmişkən, Vaqif Sadıqov əsas yığmamızda ilk və yeganə xalını qolsuz heç-heçə ilə nəticələn həmin görüşdə qazanıb və Qurbanov komandanın kapitanı olub. Milli komandamızdakı son iki matçda kapitan sarğısını daşımaq etibarı qazanan hücumçu onurğa sütununda ciddi problemlər yarandığından, futbolçu karyerasını 33 yaşında bitirmək məcburiyyətində qalıb.

İndi isə ölkə çempionatları barədə. İlk iki milli çempionatımız zamanı Qurbanovla Sadıqovun şərəfini qoruduqları komandalar ayrı-ayrı qruplarda çıxış etdikləri üçün “duel” baş tutmayıb. 1993-cü ildə ölkə kubokunun 1/4 finalında “Neftçi” ilə “Qarabağ” arasında cavab görüşü (0:0) zamanı qalmaqalda baş hakimi vuran “ağ-qaralar”ın həmin vaxtkı baş məşqçisi Sergey Kramarenko AFFA-nın ağır cəzasına məruz qaldı. Nəticədə Kramarenko vətəni tərk edib, Rusiyaya getdiyi üçün “Qarabağ”la matçdan sonra Sadıqovun “Neftçi”yə yolu açıldı. Yəni həmin mövsümdə Maştağanın “Nicat” klubunda oynayan-məşqçi olan Sadıqov futbolçu karyerasını bitirərək, SSRİ dövründə çıxış etdiyi komandanın sükanı arxasına keçdi. O, 1993/94 mövsümündə “Neftçi”nin baş məşqçisi, Qurbanov isə “Turan”ın əsas qol ümidlərindən idi. Onların Tovuzdakı görüşü milli çempionatlarımız tarixinə düşən ən qalmaqallı oyunlardan olub. Belə ki, hesabda 1:0 irəlidə olan “Neftçi” uzatma dəqiqələrində qapısında ofsayddan qol görür. Buna etiraz edən “ağ-qaralar” meydanı tərk etmək istəsələr də, buna imkan verilməyib. Belə olan halda, “Neftçi” oyuna başlamaqdan imtina edib. Bunu görən “Turan” özü oyuna mərkəzdən başlayıb və yerindən tərpənməyən qonaqların qapısından ikinci topu keçirib. Məhz bu zaman baş hakimin final fiti səslənib və “Turan”ın səs-küylü qələbəsi rəsmiləşib. Tovuzdakı qarşılaşmanın ardından “Neftçi” çempionatda oynamaqdan imtina edib və həmin mövsümün qalan 8 matçında meydana çıxmayan flaqmana texniki məğlubiyyət verilib. Yeri gəlmişkən, sözügedən mövsümdə - 1993-cü ilin oktyabrın 24-də Bakıda 1:0 hesabı ilə qalib gələn “Neftçi”nin “Turan”la səfər oyununda da qolunu hazırda Sadıqovun köməkçilərindən olan, əvəzedici komandanın baş məşqçisi Mirbağır İsayev vurub. “Neftçi”yə Tovuzda Qurbanov qol vursa da, bu, Qurban yox, onun böyük qardaşı Musa olub. O da digər qolun müəllifi Rövşən Əhmədov kimi, artıq futbolçu karyerasını bitirib.

Qeyd edək ki, Qurban Qurbanov məşqçilik karyerasına futbolçu karyerasının ən yaxşı illərini keçirdiyi “Neftçi”də başlayıb. Bu komandanın sükanı arxasında 15 ay olan gənc çalışdırıcı debüt mövsümündəcə (2006/07) gümüş medal qazanıb. Vaqif Sadıqov “Neftçi”nin baş məşqçisi olduğu ilk dövrdə - 1993-cü və 1995-ci illərdə ölkə kubokunu və bürünc medal qazanıb. Hər iki məşqçi “ağ-qaralar”la avrokuboklarda bir dəfə çıxış etsə də, bu, mərhələ adlamağa imkan verməyib. Hər halda, Sadıqov “Neftçi”nin baş məşqçisi qismində Azərbaycan klubuna avrokuboklarda ilk xal qazandıran mütəxəssis kimi öyünə bilər.

Qurban Qurbanovun Vaqif Sadıqovun rəhbərliyi altında keçirdiyi oyunlar

1997-ci il
1 mart. Larnaka. Yoldaşlıq görüşü

Azərbaycan – Estoniya - 0:2
Qurban Qurbanov 90 dəqiqə oynayıb

22 mart. Bakı. Yoldaşlıq görüşü
Azərbaycan – Türkmənistan - 3:0
Qurban Qurbanov ilk 85 dəqiqə oynayıb və 1 qol vurub

2 aprel. Bakı. 1998-ci il dünya çempionatının seçmə mərhələ oyunu
Azərbaycan – Finlandiya – 1:2
Qurban Qurbanov ilk 85 dəqiqədə oynayıb və 1 qol vurub

25 aprel. Aşqabad. Yoldaşlıq görüşü
Türkmənistan – Azərbaycan - 2:0
Qurban Qurbanov 90 dəqiqə oynayıb

4 iyun. Vilyandi. Yoldaşlıq görüşü
Estoniya – Azərbaycan - 1:0
Qurban Qurbanov ilk 75 dəqiqə oynayıb

8 iyun. Helsinki. 1998-ci il dünya çempionatının seçmə mərhələ oyunu
Finlandiya – Azərbaycan - 3:0
Qurban Qurbanov 90 dəqiqə oynayıb, sarı vərəqə alıb

6 sentyabr. Bakı. 1998-ci il dünya çempionatının seçmə mərhələ oyunu
Azərbaycan - Norveç - 0:1
Qurban Qurbanov 90 dəqiqə oynayıb

10 sentyabr. Budapeşt. 1998-ci il dünya çempionatının seçmə mərhələ oyunu
Macarıstan – Azərbaycan - 3:1
Qurban Qurbanov 90 dəqiqə oynayıb

11 oktyabr. Sürix. 1998-ci il dünya çempionatının seçmə mərhələ oyunu
İsveçrə – Azərbaycan - 5:0
Qurban Qurbanov 90 dəqiqə oynayıb

1998
22 mart. Bakı. Yoldaşlıq görüşü

Azərbaycan – Moldova - 1:0
Qurban Qurbanov ilk 87 dəqiqədə oynayıb

24 aprel. Bakı. Yoldaşlıq görüşü
Azərbaycan – Özbəkistan - 2:1
Qurban Qurbanov 90 dəqiqə oynayıb

16 may. Vilyandi. Beynəlxalq turnir
Estoniya – Azərbaycan - 0:0
Qurban Qurbanov ilk 85 dəqiqədə oynayıb

24 iyun. Tallin. Beynəlxalq turnir
Andorra – Azərbaycan - 0:0
Qurban Qurbanov 90 dəqiqə oynayıb

26 iyun. Vilyandi. Beynəlxalq turnir
Litva – Azərbaycan - 1:2
Qurban Qurbanov son 45 dəqiqədə oynayıb

12 avqust. Gəncə. Yoldaşlıq görüşü
Azərbaycan – Gürcüstan - 1:0
Qurban Qurbanov ilk 71 dəqiqədə oynayıb

5 sentyabr. Koşitse. 2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu
Slovakiya – Azərbaycan - 3:0
Qurban Qurbanov 90 dəqiqə oynayıb

10 oktyabr. Bakı. 2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu
Azərbaycan – Macarıstan - 0:4
Qurban Qurbanov 90 dəqiqə oynayıb

14 oktyabr. Vaduts. 2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu
Lixtenşteyn – Azərbaycan - 2:1
Qurban Qurbanov 90 dəqiqə oynayıb, 1 qol vurub

1999-cu il
6 mart. Larnaka. Yoldaşlıq görüşü

Azərbaycan – Estoniya - 2:2
Qurban Qurbanov ilk 23 dəqiqə oynayıb

2002-ci il
3 iyul. Kuressaare. Yoldaşlıq görüşü

Estoniya – Azərbaycan - 0:0
Qurban Qurbanov 90 dəqiqə oynayıb, sarı vərəqə alıb

21 avqust. Bakı. Yoldaşlıq görüşü
Azərbaycan – Özbəkistan - 2:0
Qurban Qurbanov ilk 77 dəqiqədə oynayıb

7 sentyabr. Bakı. 2004-cü il. Avropa çempionatının seçmə mərhələ oyunu
Azərbaycan – İtaliya - 0:2
Qurban Qurbanov ilk 89 dəqiqədə oynayıb

12 oktyabr. Helsinki. 2004-cü il Avropa çempionatının seçmə mərhələ oyunu
Finlandiya – Azərbaycan - 3:0
Qurban Qurbanov 90 dəqiqə oynayıb

2005-ci il
17 avqust. Tirana. Yoldaşlıq görüşü

Albaniya – Azərbaycan - 2:1
Qurban Qurbanov ilk 84 dəqiqədə oynayıb, kapitan olub

7 sentyabr. Bakı. 2006-cı il dünya çempionatının seçmə mərhələ oyunu
Azərbaycan – Avstriya - 0:0
Qurban Qurbanov ilk 89 dəqiqə oynayıb, kapitan olub
0