Əkbər Hacıyev: Futbolçularımız sonadək mübarizə aparmalıdır
19.10.2009 - 14:09
Əkbər Hacıyev: Futbolçularımız sonadək mübarizə aparmalıdır
“Futbolda qələbə də olar, məğlubiyyət də, heç-heçə də. Əsas odur ki, “Neftçi”nin adına layiq komanda qurulsun”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun prezidenti Əkbər Hacıyev deyib.

Ölkə çempionatının VII turunda Quzanlıda “Qarabağ”a məğlubiyyətdən öncə klubun saytına açıqlama verən Hacıyev bildirib ki, ölkədə əsas məqsəd təkcə “Neftçi”nin yox, bütövlükdə Azərbaycan futbolunun inkişafıdır: “Önəmli olan futbolçuların meydanda sonadək əzmkar mübarizə aparmasıdır. Başa düşürəm ki, komandanı bir günə, bir həftəyə yüksək səviyyəyə qaldırmaq olmaz. Bunun üçün müəyyən vaxta ehtiyac var. Bir daha qeyd edirəm ki, istənilən nəticədən asılı olmayaraq, “Neftçi”nin heyətində çıxış edən hər bir futbolçu meydanda sona qədər mübarizə aparmalıdır”.

Qeyd edək ki, “Neftçi” həmin qarşılaşmada prinsipial rəqibi “Qarabağ”a uduzub.
0