“Muğan” klubunun vitse-prezidenti: Buna haqq qazandırmaq olmur
19.10.2009 - 14:42
“Muğan” klubunun vitse-prezidenti: Buna haqq qazandırmaq olmur
“Futbolda uduzmaq olar. Amma 1:6 hesablı məğlubiyyətə haqq qazandırmaq olmur”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Unibank Premyer Liqasının VII turu Salyan təmsilçisi üçün böyük uğursuzluqla nəticələndi. Belə ki, “İnter”i qəbul edən “Muğan” 1:6 hesablı ağır məğlubiyyətlə üzsləşdi. Bununla da komanda milli çempionatlar tarixində ən böyük hesablı məğlubiyyətini aldı. Vitse-prezidentin fikrincə, oyunda müdafiədə buraxılan səhvlər öz sözünü dedi: “Həmin gün komandanın oyunu sadəcə, alınmadı. Artıq ilk 20 dəqiqədən sonra hesabda 0:3 geridə olduq. Rəqib də bu üç qoldan ikisini standard vəziyyətdən vurdu. Hesab 0:3 olarkən komanda sanki şoka düşdü. Düzdür, futbolda hər şey ola bilər. Ancaq komanda gərək belə çətin vəziyyətdə sınmasın. Evdə 1:6 hesabı ilə uduzmaq çox gözlənilməz nəticə oldu. Baş məşqçimiz Kemal Alispahiç əsasən əvəzetmələrlə oyuna müdaxilə edib, nəticəni dəyişməyə çalışsa da, bu, heç bir bəhrə vermədi”.

Şirəliyevin sözlərinə görə, matçın nəticəsi araşdırılma mövzusu olacaq: “İki gündən sonra növbəti oyunumuz var. Bu dəfə Salyanda “Qarabağ”ı qəbul edəcəyik. İndiki məqamda hansısa addım atmamışdan öncə düşünmək lazımdır ki, sonradan bunu ziyanı olmasın. Görüşün araşdırılmasına sonradan baxacağıq. Əgər kiminsə günahı olarsa, cəzalanması ilə bağlı qərar çıxarılması mümkündür. Baş məşqçimizlə oyundan sonra söhbətimiz olub. İndi əsas komandanın belə üzücü nəticədən qısa müddətdə “Qarabağ”la oyuna hazır olmasıdır. Futbolçular özlərini toparlamalı, yenidən öz sözlərini deməlidirlər”.

Qeyd edək ki, bir müddət öncə Premyer Liqamızın lideri olan “Muğan” son iki turda məğlub olub. Buna qədər heç qapısından qol da buraxmayan salyanlılar ilk olaraq “Xəzər-Lənkəran”la səfər oyununda yenildi – 0:2.
0