Rövnəq Abdullayev: ... Foqtsun qalmasının tərəfdarıyam
19.10.2009 - 16:18
Rövnəq Abdullayev: ... Foqtsun qalmasının tərəfdarıyam
“Berti Foqts noyabrda Bakıya gələcək və biz onunla danışıqlar aparacağıq. Şərtlərimiz uyğunlaşsa, danışıqlar normal getsə, mən onun yığmamızın baş məşqçisi postunda qalmasının tərəfdarıyam”. Bu sözləri apasport.az saytının əməkdaşının sualına cavabında AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Abdullayev bildirib ki, dekabrda müqaviləsinin müddəti bitəcək milli komandamızın baş məşqçisi Berti Foqtsla danışıqlar aparmaq vacib şərtdir: “Mənim Foqtsdan razı qalıb-qalmadığım əsas deyil. Əsas odur ki, danışıqlar aparılsın”.

AFFA prezidenti oktyabrın 14-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan - Rusiya (1:1) matçında rəqib komandaların azarkeşləri arasında toqquşmaya da toxunub: “Hər bir stadionda belə hal yaşana bilər. Bu olmasa, futbola da maraq olmaz”.

Bundan başqa, Abdullayev totalizator oyunlarının leqallaşdırılması ilə bağlı fikirlərini bölüşüb: “Hazırda bu istiqamətdə AFFA və Gənclər və İdman Nazirliyinin əməkdaşları birgə iş aparırlar. Yeni məlumat olan kimi, mətbuata açıqlama veriləcək”.
0