Uşaqlar üçün ilk futbol məktəbi istifadəyə verildi - FOTO
19.10.2009 - 17:01
Uşaqlar üçün ilk futbol məktəbi istifadəyə verildi - FOTO
Bu gün Təhsil İdman Mərkəzinin Bakı filialında 8-12 yaşlı uşaqlar üçün ilk futbol məktəbinin açılışı olub. Apasport.az saytının məlumatına görə, tədbirə təhsil naziri Misir Mərdanov, AFFA prezidenti Rövnəq Abdullayev, Nərimanov rayon icra başçısı Abdin Fərzəliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, təhsil nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Qasımov, AFFA-nın baş katibi Elxan Məmmədov, veteran futbolçularımız İsgəndər Cavadov, Nazim Süleymanov və digər qonaqlar qatılıblar.

Öncə çıxış edən Misir Mərdanov bildirib ki, məktəbdə 8-12 yaşlı 400-dək uşaq futbolun sirlərini öyrənəcək: “Belə məktəblərin açılışı dövlət başçısı İlham Əliyevin Azərbaycandan həyata keçirdiyi siyasətin nəticəsidir. Dövlət qayğısı sayəsində idmançılarımız beynəlxalq miqyaslı yarışlarda uğur qazanırlar. Ancaq futbolda əldə etdiyimiz nəticələrə görə öyünə bilmərik. Buna görə də Rövnəq müəllim AFFA prezidenti seçilib. Onun AFFA-nın prezidenti vəzifəsində göstərdiyi fəaliyyət dövründə təkcə Bakıda deyil, demək olar, bütün regionlarda futbol məktəbləri, meydançalar açılıb. Artıq bu sahədə müəyyən irəliləyişlər var. Düzü, belə məktəbin olmasını təsəvvür etmirdim. Hamınızı təbrik edirəm. Bu məktəbin açılmasında əməyi keçənlərə, o cümlədən Rövnəq Abdullayevə minnətdarıq”.

Daha sonra AFFA prezidenti Rövnəq Abdullayev nitq söyləyib. O, uşaq futbolunun inkişafına çalışdıqlarını vurğulayıb: “Futbolumuz inkişaf edir. Ölkə prezidenti cənab İlham Əliyevin “2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn müddəalar həyat keçirilir. Əsas vəzifələrimizdən biri uşaq futbolunu inkişaf etdirməkdir. Arzu edirəm ki, bu meydançadan ulduz futbolçular çıxsın və onlar gələcəkdə Azərbaycan milli komandasını dünyada tanıtsın”.

Ardından Abdin Fərzəliyev və İsmayıl İsmayılov da çıxış ediblər. Yeni istifadəyə verilən meydançada topa simvolik olaraq, ilk zərbəni Rövnəq Abdullayev vurub. Həmçinin, Misir Mərdanov və Abdin Fərzəliyev də qapıya zərbə vurublar.
0