Zeynal Məmmədov nə istəyir?
19.10.2009 - 17:55
Zeynal Məmmədov nə istəyir?
“Son vaxtlar nəticələrini nəzərə alsaq, “Turan”la oyunda qələbə bizim üçün çox vacib idi. Bu, komandamızda olan gərginliyi bir az aradan qaldırdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Ötən mövsüm tarixində ikinci dəfə ölkə çempionluğunu qazanan paytaxt təmsilçisi cari Unibank Premyer Liqasında uğursuz çıxışdan sonra istefa verən makedoniyalı baş məşqçisi Qyoko Hacıyevskini türkiyəli həmkarı Bülənt Korkmazla əvəzlədi. “Qalatasaray”ın sabiq kapitanı debütünü Tovuzda “Turan”la matçda qələbə ilə qeyd etdi. Məmmədov komandanın oyununda, nəticə ilə bağlı ən böyük dəyişikləri qarşıdakı vacib görüşlərdə gözləyir: “Bu həftə bizi iki əsas oyun – əvvəlcə “İnter”, ardından “Neftçi” ilə sınaq gözləyir. Komandamızdan yeni baş məşqçinin rəhbərliyi altında həmin görüşlərdə yaxşı nəticə gözləyirik. Tovuzdakı oyun gələcəyə nikbin baxmağa əsas verdi. Futbolçuların hamısı meydanda canlarını qoyurlar. Fikrimcə, qarşıdakı oyunlarda bizim üçün yaxşı olar”.

“Bakı”nın ötən yay transfer etdiyi bolqar müdafiəçi Aleksandr Tomovski cari mövsümdə “Turan”la oyunda debüt etdi. Bundan əlavə, milli komandamızın da üzvü olan braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramimin kapitan sarğısını daşıması da diqqəti çəkən oldu: “Əsas kapitanımız Rafael Əmirbəyov sağlıq durumunda problem olduğu üçün oynamırdı. Vitse-kapitanlar Xalidi Sissoko ilə Mahmud Qurbanov isə ehtiyatda qalmışdı. Buna görə də əsas heyətdə meydana çıxan Fabio kapitan idi. Tomovskini isə Korkmaz Türkiyədə təlim-məşq toplanışında keçirdiyimiz yoxlama matçlarında oynadıb. Onun əsas heyətdə meydana çıxması nə qədər gözlənilməz olsa da, hər halda, baş məşqçi işini, kimə güvəndiyini daha yaxşı bilir”.
0