Stanislav Çerçesov: Azərbaycana getmək mənasız bir şeydir
20.10.2009 - 09:17
Stanislav Çerçesov: Azərbaycana getmək mənasız bir şeydir
“Bilirəm ki, Azərbaycan futbol federasiyasının bir sıra nüfuzlu şəxsləri, həmçinin məşqçilər şurasının üzvləri namizədliyimi dəstəkləyirlər. Mənim özüm üçün də belə zəngin futbol ənənələrinə malik ölkənin yığmasında çalışmaq maraqlı olardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Spartak” klubunun sabiq qapıçısı və məşqçisi Stanislav Çerçesov deyib.

Adı milli komandamızın ətrafında hallanan rusiyalı mütəxəssis yığmamızda çalışmağın əleyhinə olmadığını açıqlayıb: “Lakin belə məsələlər asanlıqla həll olunmur. Gərək xırdalığına kimi xüsusi proqram hazırlansın və bütün səviyyələrdə mənə dəstək göstərilsin. Həm də ki, yerli məşqçilərin dəstəyini almadan, Azərbaycana yollanmaq mənasız bir şeydir”.

Berti Foqtsu əvəzləmək xəyalları ilə yaşayan Çerçesov artıq millimizin oyunlarını da izləməyə başlayıb: “Yığmanın bir sıra oyunlarını izləmişəm, onların potensialı göz qabağındadır. Bu ayrı məsələ ki, seçmə mərhələdə bu potensialdan tam istifadə edə bilmədilər. Xüsusilə, daim Azərbaycan futbolunun öyündüyü hücum xəttində bu alınmadı. Niyə? Səbəbini mən bilirəm. Lakin açıqlamaq istəmirəm. Çünki həmkarlarımın işini mətbuatda müzakirəyə çıxarmıram. Azərbaycanla yanaşı, bir neçə Rusiya klubu, həmçinin dünya çempionatına çıxa bilməyən Avropa yığmalarından birini çalışdırmaq variantı da var. Lakin mənə Azərbaycanda çalışmaq daha maraqlıdır”.