Barboza “Bakı” rəhbərliyini aldadırmış
20.10.2009 - 09:35
Barboza “Bakı” rəhbərliyini aldadırmış
“Bakı”nın baş məşqçisi Bülənt Korkmazın Rafael Barboza və Daniel Opritanı əsas komandadan uzaqlaşdırılmasının səbəbləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxt klubuna yayda transfer olunan bu futbolçular oktyabrın əvvəllərində Antalyada keçirilən təlim-məşq toplanışında Korkmazın gümanlarını doğrultmayıblar.

Belə ki, Barboza klub rəsmilərini aldatmaqda ittiham olunur. Gözləri yaxşı görmədiyi üçün linza taxdığını gizlədən braziliyalı müdafiəçi bu haqda rəhbərliyə heç bir söz deməyib. Türkiyədəki hazırlıq prosesində isə sirrin üstü açılıb. Məşqlərin birində mübarizəyə girişən Barbozanın gözündəki linza yerə düşüb. Bundan şok keçirən Korkmaz Barbozanı sərəncamında görmək istəmədiyini rəsmilərin nəzərinə çatdırıb.

Əvəzedici heyətə göndərilən digər oyunçu Opritanın problemi isə fiziki məsələlərlə əlaqədardır. Rumın hücumçunun forması türkiyəli çalışdırıcını qane eləmir. Baş məşqçinin yaxın günlərdə daha bir neçə futbolçuya qapını göstərəcəyi gözlənilir.