Sabiqlərin prinsipial qarşıdurması: qovulan kim, karyerasını bitirən kim...
20.10.2009 - 16:22
Sabiqlərin prinsipial qarşıdurması: qovulan kim, karyerasını bitirən kim...
Azərbaycan Unibank Premyer Liqası çərçivəsində sabah “Şəfa” stadionunda keçiriləcək “Olimpik-Şüvəlan” – “Xəzər-Lənkəran” oyunu sabiqlərin prinsipial qarşıdurması kimi maraq doğurur. Apasport.az saytının məlumatına görə, son 3 ildə “Olimpik”in (həmin vaxt komanda belə adlanırdı) şərəfini qoruyan kapitan Tərlan Əhmədov cari mövsümdən “Xəzər-Lənkəran”da məşqçi işləyir.

Bakılıların heyətində Premyer Liqada 72 oyunda 1 qol vuran 38 yaşlı keçmiş müdafiəçi, ümumilikdə milli çempionatda 278 görüş keçirib və 36 dəfə fərqlənib. Əhmədovla birgə “Xəzər-Lənkəran”a gələnlər isə gənc futbolçular – qapıçı Zabit Səfərovla yarımmüdafiəçi Nizami Hacıyevdir. Əsgər Abdullayevin rəhbərliyi altında həm “Olimpik”də, həm də milli komandada oynayan Tərlan indi digər sabiq baş məşqçisinin köməkçisidir.

Söhbət “Xəzər-Lənkəran”ı çalışdıran Ağasəlim Mircavadovdan gedir ki, təcrübəli mütəxəssis Əhmədovun “Qarabağ”da və milli komandamızda çalışdırıcısı olub. Cənubluların digər futbolçularından Ceyhun Sultanovla Ramazan Abbasov Əsgər Abdullayevin rəhbərliyi altında “Bakı”da oynayıb, ölkə kubokunu qazanıblar. Lənkəran təmsilçisinin təcrübəli qapıçısı Dmitri Kramarenko isə Əsgər Abdullayevin rəhbərliyi altında nəinki milli komandamızda oynayıb, onunla birgə ilk milli çempionatda “Neftçi”də çıxış edib, qızıl medal qazanıb.

“Olimpik-Şüvəlan”ın düşərgəsində də görüşə prinsipial yanaşanlar var. Bunlar keçmiş komandaları heyətində “Xəzər-Lənkəran”ın heyətində ölkə çempionluğunu, kuboku qazanan müdafiəçi Füzuli Məmmədovla yarımmüdafiəçi İlqar Qurbanovdur. “Xəzər-Lənkəran”da keçirdiyi oyun sayına görə 3-cü olan Füzuli 98 görüşdə meydana çıxıb, 1 qol vurub, 33 sarı, 3 qırmızı vərəqə alıb. Oyun sayına görə 8-ci olan İlqarın “Xəzər-Lənkəran”ın heyətində keçirdiyi 72 matçda 8 qol vurub, 10 dəfə sarı vərəqə ilə cəzalanıb.

Hər iki futbolçu fərqli vaxtlarda “Xəzər-Lənkəran”dan qovulublar. Bu klub yaranandan, yəni 2004-cü ilin yayında onun şərəfini qoruyan Füzuli dörd il yarım orada oynayıb. 32 yaşlı müdafiəçi ötən mövsümün qış fasiləsində transferə çıxarıldı, ikinci dövrəni Zaqatalanın “Simurq” klubunda keçirdi, bürünc mükafat qazandı. 23 yaşlı İlqar isə “Xəzər-Lənkəran”ın debüt mövsümündə (2004/05 mövsümündə) Türkiyənin “Fənərbaxça” klubundan transfer olundu və üçüncü mövsümündə komandanın sıralarından xaric olundu.

Həmin vaxt baş məşqçi Ağasəlim Mircavadov onu az oynatmasına etiraz edən Qurbanova qapını göstərmişdi. Yeri gəlmişkən, İlqarın “Olimpik-Şüvəlan”dakı komanda yoldaşı Cahangir Həsənzadənin də vaxtilə Mircavadovla problemi olub. Ancaq bu, “Neftçi”də olub və Mircavadov təcrübəli qapıçını 2005-ci ilin yayında Çempionlar Liqasında Belçikanın “Anderlext” klubu ilə səfər oyununda (0:5) 4 qol buraxdıqdan sonra komandadan kənarlaşdırdı.

Qeyd edək ki, Əsgər Abdullayevlə Ağasəlim Mircavadov da bir-birlərini yaxşı tanıyırlar. Abdullayev SSRİ dönəmində “Neftçi”də Mircavadovun rəhbərliyi altında oynayıb.