“Neftçi” 7-ci qələbəsini qazandı, “Xəzər-Lənkəran” uduzdu
20.10.2009 - 18:20
“Neftçi” 7-ci qələbəsini qazandı, “Xəzər-Lənkəran” uduzdu
Unibank Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında ölkə birinciliyində təxirə salınmış III turun 4 oyunu keçirilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, çempionatın aşkar lideri “Neftçi” ardıcıl 7-ci qələbəsini qazanıb.

“Qəbələ”ni iki cavabsız qolla üstələyən bakılıların izləyicilərindən ikisi isə xal itkisi ilə üzləşib. “Muğan”la “Qarabağ”ın oyununda qalib gələn qonaqlar (3:1) Salyan təmsilçisini arxada qoyub. Bu tura qədər adıçəkilən iki komanda ilə yanaşı irəliləyən “Xəzər-Lənkəran” isə gözlənilməz zərbə alıb. “Olimpik-Şüvəlan”la qarşılaşmanın taleyini isə legioner futbolçu həll edib. Əsas heyətə düşə bilmədiyindən Əsgər Abdullayevin əvəzedici heyətə göndərdiyi Ramaz Cabnizdze komandasına qələbə qazandıran qolu vurub. Ötən turda da ikinci komandada oynayan futbolçu heç olmasa əvəzedici heyətdə qol vurmaq imkanını əldən verməyib. “Turan”la “Karvan” isə öz aralarında kimin güclü olduğunu aydınlaşdıra bilməyib.

"Qəbələ" - "Neftçi" – 0:2
Emin Mehtiyev, 60; Araz Abdullayev, 66-p.

"Olimpik-Şüvəlan" - "Xəzər-Lənkəran" – 2:1
Telman Bayramlı, 63; Ramaz Cabnidze, 80 - Vasif Hüseynov, 70

"Turan" - "Karvan" – 1:1
Yasin Abbasov, 78 - Nicat Məmmədzadə, 71

"Muğan" - "Qarabağ" – 1:3
Mikayıl Rəhimov, 3 - Aqşin Mehdiyev, 62; 84; Röyal Nəcəfov, 89

Qeyd edək ki, dünən keçirilən “Standard” – “Simurq” (2:1) matçı ilə başlayan tura sabah "İnter" - "Bakı" oyunu ilə yekun vurulacaq.