Bakı səfəri Sergey Semakı küsdürüb: Nəticə həqiqətən də üzücüdür
21.10.2009 - 10:08
Bakı səfəri Sergey Semakı küsdürüb: Nəticə həqiqətən də üzücüdür
“Milli komandamızın baş məşqçisi Qus Hiddink Azərbaycan yığması ilə oyunda nəticəyə görə həddən artıq narazı idi. O da bizim kimi çox üzülmüşdü”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya milli komandasının vitse-kapitanı Sergey Semak deyib.

Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində kapitanı olduğu Kazanın “Rubin” klubunun heyətində İspaniyada “Barselona” ilə tarixi qələbə qazandıqları (2:1) matçın iştirakçısı olan 33 yaşlı yarımmüdafiəçi ötən həftə Azərbaycan milli komandasına qarşı Bakıdakı görüşdə də əsas heyətdə meydana çıxıb. Bu uğursuz oyunu unuda bilməyən Semakın fikrincə, həmin gün nəticə meydandakı qüvvələr nisbətinin göstəricisi olmayıb: “Biz ilk növbədə ona görə təəssüfləndik ki, 1:1 hesabı həmin oyunun mənzərəsini əks etdirmirdi. Hərçənd, ola bilsin ki, kimdəsə futbolçuların Bakıya gəzintiyə gəlməsi təəssüratı yarandı. Ancaq əslində bu, belə deyil. Bizə nə qədər adamın azarkeşlik etdiyini hamımız gözəl başa düşürük. Üstəlik, Azərbaycanda bizə göstərilən “isti” münasibət... Oyundan əvvəl tribunalar Rusiya himnini fitə basdılar. Matça köklənmə və qələbə qazanmaq istəyi lazımı səviyyədə idi, ancaq məqsədimizə çata bilmədik. Həmin görüşün nəticəsi həqiqətən də üzücüdür”.

Semak hesab edir ki, Bakıdakı uğursuzluq Almaniyaya Moskvadakı minimal hesablı məğlubiyyətdən sonra dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmaq şansının əldən çıxmasının nəticəsidir: “Almanlarla oyun bizə heç də asan başa gəlmədi. Fikrimcə, Cənubi Afrika Respublikasına birbaşa vəsiqədən məhrum edən həmin məğlubiyyət, özü də bunun evdə olması futbolçulara öz mənfi təsirini göstərdi. Mən razıyam ki, biz Azərbaycan yığmasını udmalı idik. Özümüzə bəraət qazandırmaq istəmirəm, lakin Bakıdakı görüşdən əvvəlki oyunu hesabdan silmək lazım deyil”.

Bakıya ilk səfərində Moskva MOİK-inin heyətində çıxış edən Sergey həmin vaxt Tofiq Bəhramov adına Respublika stadionunda Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə görüşdə forma geyinmişdi. Beş il öncə də paytaxtımızda qələbəyə həsrət qalan (0:0) təcrübəli futbolçuya son səfər elə yer edib ki, artıq o, mətbuatı da izləmir: “Son vaxtlar komanda ətrafında olan səs-küyə diqqət yetirməməyə çalışıram. Qəzetləri açmıram. Fərqi yoxdur, bu, tənqiddir, yaxud rəqibi hansı hesabla darmadağın etməli olduğumuzla bağlı proqnozdur. Mənə elə gəlir ki, bu ajiotaj yalnız maneçilik törədir”.
0