Premyer Liqa klublarına 9200 manatlıq cəza
23.10.2009 - 15:10
Premyer Liqa klublarına 9200 manatlıq cəza
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, komitə üzvləri Unibank Premyer Liqasının təxirə salınmış III turunun, həmçinin əvəzedicilərin çempionatında baş tutan oyunlarda yaşanan hadisələri müzakirə ediblər.

Klublar təkcə əsas komandalarına görə 9200 manat xərcə düşüb. “Standard” – “Simurq” matçında meydan sahiblərinin 4, “Qəbələ” – “Neftçi” oyununda birincilərin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar hərəyə 1000 manat cərimə olunub.

“Olimpik-Şüvəlan” - “Xəzər-Lənkəran” matçında 4 sarı vərəqə alan meydan sahibləri də eyni cəzaya məruz qalıb. Oyunun 29-cu dəqiqəsində meydana kənar əşya atıldığı üçün “Olimpik-Şüvəlan” daha 2000 manat ziyana düşüb. “İnter” – “Bakı” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunub.

“Turan” – “Karvan” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün yevlaxlılar 1000 manat ödəməli olacaq. Oyunun 33-cü dəqiqəsində “Turan”ın futbolçusu Rəşid Həsənov rəqibini ayaqla vurduğu üçün birbaşa qırmızı vərəqə almışdı ki, buna görə 2 matçlıq cəzalandırılıb, və komandasını 2000 manat ziyana salıb. Matçın 84-cü dəqiqəsində ikinci sarı vərəqə üzündən meydandan qovulan “Karvan”ın futbolçusu Markos Ferreyra daha yüngül cəza alıb: 1 oyun və 200 manat.