“Bakı” getsin, getməsin?
29.10.2009 - 00:03
“Bakı” getsin, getməsin?
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” uğrunda yarışa maraq ildən-ilə azalır. Azərbaycan təmsilçilərindən “Neftçi” və “Xəzər-Lənkəran”ın hərəyə bir dəfə qalibi olduğu turnirə iddialı klublar barmaqarası baxırlar. Təsadüfi deyil ki, onlar ya turnirə qatılmaqdan imtina edirlər, ya da yarışa əvəzedici komandalarını göndədirlər. Vəziyyət o həddə çatıb ki, “Birlik kuboku”nu daha çox qazanan Rusiya və Ukrayna klublarının son illərdə turnirə saymazyana münasibəti azmış kimi, “əkələr” də yarışa dodaq büzürlər. Söhbət son iki ildə Özbəkistan çempion tituluna layiq görülmüş “Bunedkor”dan gedir. Daşkənd komandası braziliyalı mütəxəssislərin başçılığı altında ardıcıl iki il “Birlik kuboku”na qatılmaqdan boyun qaçırdı. Ötən il Artur Ziko, indi isə Luis Felipe Skolari təşkilatçılara “yox” cavabı verdi. Halbuki bir neçə il öncə Özbəkistan klubu, daha dəqiqi “Paxtakor” da sözügedən turnirdə baş mükafat sahib çıxıb.

Şübhəsiz ki, klubların yarışa belə soyuq münasibətinin əsas səbəblərindən biri turnirin qeyri-münasib vaxtda keçirilməsi və hazırlıq planlarına mənfi təsirini göstərməsidir. “Birlik kuboku” adəti üzrə yanvarın ikinci yarısında baş tutur və bu zaman klubların hazırlıq baxımından qızğın vaxtı olur. Bundan əlavə, matçların sintetik örtüklü meydançada oynanılması futbolçuların zədələnmək ehtimalını artırır.

Komandalarımız üçünsə “Birlik kuboku” 2006-cı ildən bəri sanki kabusa çevrilib. Son 3 ildə bu turnirdən qayıdan təmsilçilərimiz daxili yarışlarda ikinci dövrədə uğursuz çıxış edirlər və çempion ola bilmirlər. “Neftçi”, “Bakı”, “Xəzər-Lənkəran” və “İnter” belə aqibət yaşayıblar. Bu uğursuz ənənə davam edərsə, son ölkə çempionu “Bakı”nın titulunu qoruya bilməyəcəyini indidən dəqiq söyləmək mümkündür. Onsuz da 2009/10 mövsümündə uğursuz çıxış edən bakılılar üçün “Birlik kuboku”nda iştirakla bağlı digər problem də mövcuddur. Məsələ burasındadır ki, Unibank Premyer Liqası yeni formatla - “altılıq” üzrə keçirilir və artıq gələn ay ikinci dövrənin oyunları keçiriləcək. Buna görə də qış fasiləsi həmişəkindən çox az, cəmi 40 gün (dekabrın 27-dən fevralın 5-dək) olacaq.

Göründüyü kimi, vaxt azlığı böyük problemdir və qış fasiləsində heyətinə ciddi əl gəzdirməli olan “Bakı” “Birlik kuboku”na gedəcəyi təqdirdə, ikinci dövrə yaxşı hazırlaşa bilməyəcək. Özü də mövsümün gedişində “Bakı”nın sükanı arxasına keçən türkiyəli baş məşqçi Bülənt Korkmaz gözünü qış fasiləsinə dikib. Həmin vaxt “transfer pəncərəsi” açılacaq və Korkmaz istədiyi transferləri həyata keçirməklə, komandanı formalaşdıra, həlledici oyunlara hazırlaşdıra biləcək.

İstənilən halda, “Birlik kuboku” özünü ən azı postsovet məkanında göstərmək iddiasında olan klublarımız üçün sınaq meydanıdır və onlar yarışdan heç vaxt imtina etməyiblər. İddiası böyük olan “Bakı” 2007-ci ildə “Birlik kuboku”nda ilk sınaq zamanı qrup mərhələsini adlasa da, mübarizəni 1/4 finalda dayandırıb. Komandamız oyunsonrası penaltilər seriyasında Moskva MOİK-nə uduzub.

Bəs görəsən, bu dəfə “Bakı”nın “Birlik kuboku” ilə bağlı planları necədir? Bu haqda apasport.az saytına açıqlama verən klubun vitse-prezidenti Zeynal Məmmədovun sözlərinə görə, yarışa qatılıb-qatılmayacaqlarını Bülənt Korkmazla hələ müzakirə etməyiblər: “Birlik kuboku”nda iştirakla bağlı məsələyə prezidentimiz Hafiz Məmmədov qərar verəcək. Sözsüz ki, turnirdə iştirak zamanı çətinliklər çıxır və bu, hazırlıq planlarına böyük təsir edir. Əlbəttə, əgər yarışda mübarizə aparacağıqsa, uğurlu çıxış etməliyik. Çünki təkcə “Bakı”nı yox, bütün Azərbaycanı təmsil edəcəyik. Digər tərəfdən, güclü klublar turnirə qatılmırlar. Onların çoxu gəlmirsə, onda “Birlik kuboku”na getməyin nə mənası var ki? Ancaq istənilən halda, son söz Hafiz müəllimə məxsusdur və vaxtı gələndə bununla bağlı qərar verəcəyik”.