“Xəzər-Lənkəran”la “Real”a qarşı oynamaq istəyirəm” - MÜSAHİBƏ
29.10.2009 - 12:45
“Xəzər-Lənkəran”la “Real”a qarşı oynamaq istəyirəm” - MÜSAHİBƏ
“Xəzər-Lənkəran” klubunun honduraslı futbolçusu Allan Lalinin müsahibəsi

- Əvvəlcə özün haqda bilgi verərdin.
- Tam adım Allan Moyzes Lalin Peresdir. 1981-ci il yanvarın 5-də Hondurasın paytaxtı Tequsi Qalpada dünyaya gəlmişəm. İlk peşəkar komandam 20 yaşımda Avstriya "Zalsburq"unun ölkəmizdəki farm-klubu "Red Bul Zalsburq" olub.

- Futbola niyə belə gec başlamısan?
- Bu oyuna marağım uşaqlıqdan vardı. Ancaq futbolla peşəkar səviyyədə məşğul olacağımla bağlı qarşıma hansısa məqsəd qoymamışdım. Anam rəhmətə gedəndən sonra fikirləşdim ki, evdəki balaca qardaşlarıma dayaq olmaq üçün mütləq təhsil almalıyam. Dərslərimlə məşğul olduğum vaxt Allah mənə bir qapı açdı. Ona görə bir qədər gec alındı.

- Belə çıxır, təhsilini yarımçıq dayandırmalı oldun.
- Turizm sahəsi üzrə kolleci bitirmişəm. Halbuki oranın məzunları istənilən şirkətdə asanlıqla işə düzələ bilir. Lakin mən universitetə də daxil olmağı hədəfləmişdim. Ancaq müəyyən futbol turnirlərinə qatılmağım və özümü yaxşı tərəfdən göstərməyim sənətimi dəyişməyimlə nəticələndi.

- Anan rəhmətə getməsəydi, futbolçu olmağın mümkün idi?
- Anam həm də həyatda ən yaxın dostum idi. Anamın ən böyük arzusu məni oxumuş, savadlı övlad kimi görmək idi. Futbolla yalnız həvəskar səviyyədə məşğul olmağı tövsiyyə edirdi.

- Azərbaycana gəlişin necə baş tutdu?
- ABŞ-da təşkil olunan "Qold Cup" turnirindən sonra ölkəmə qayıtdım. Bu zaman menecerim qarşıma mənə maraq göstərən klubların siyahısını qoydu. Onlardan biri də "Xəzər Lənkəran" idi. Daha konkret təklif hazırkı komandamdan gəldi. Bir qədər fikirləşdim və belə qərara gəldim ki, Azərbaycanda uğurlu karyera qurmağım mümkündür.

- Digər təkliflər hansı komandalardan idi?
- Çin, Yaponiya, Argentina və ölkəmin bir neçə güclü klublarından təklif vardı. Həmin klubların adlarına baxıb menecerimə söylədim ki, xahiş edirəm, məni seçim qarşısında qoyma. Hansı komanda daha tez bilet sifariş versə, ora gedəcəm. "Xəzər Lənkəran" daha tez tərpəndi. Azərbaycana gəlişim Allahın qisməti imiş. Sevinirəm ki, son vaxtlar göstərdiyim məhsuldarlıq heç də pis alınmır.

- Avropada çıxış etmisən?
- Rəsmən heç bir Avropa klubunda çıxış etməmişəm. Ancaq bir dəfə Avstriyada və Polşa "Visla"sında baxışda olmuşdum. Sadəcə, baş məşqçilər çıxışımdan razı qalmamışdı.

- Əlinə yaxşı fürsət düşüb. "Xəzər Lənkəran"la ölkə çempionatında uğurlu çıxış edərək, avrokubok oyunlarında səni bəyənməyən məşqçilərə layiqincə cavab vermiş olarsan.
- Bunlar balaca məsələlərdi. Şəraiti və komanda yoldaşlarımın səviyyəsinə görə hazırkı klubumu "Visla"dan daha səviyyəli sayıram. Qarşımda müəyyən hədəflər durur. Əsas məqsədim Azərbaycanda mükafatçılar sırasında yer alaraq, Madrid "Real"ına qarşı forma geyməkdi.

- Hondurasda futbola maraq hansı səviyyədədi?
- Konkret desəm, futbol Hondurasda həyatın yarısını təşkil edir. İnsanlar bütün işləri kənara qoyaraq, sevimlilərinin hər qalib gəldiyi oyundan sonra küçələrə axışaraq, bayram keçirirlər. Hətta siyasət də ikinci planda olur.

- Bura gəlməmişdən öncə Azərbaycan haqda nə bilirdin?
- Əsas bilgim Xəzər dənizinin Azərbaycana məxsus olması ilə bağlı idi. Bundan başqa, buranın müsəlman ölkəsi olduğu haqda da eşitmişdim. Lakin gələndən sonra Azərbaycan haqda fikirlərim tam dəyişdi. İnsanlar bura gələn istənilən qonağa isti münasibət göstərir. Azərbaycanda özümü evdəki kimi hiss edirəm. Halbuki Avstriya və Polşada olarkən bunun əksini görmüşdüm.

- Bundan başqa diqqətini nə çəkdi?
- Ən çox diqqətimi cəlb edən Xəzər dənizində ovlanan balıqlardı. İnsanlar əziyyətlə balıq tutaraq evə gəlib, həvəslə onlardan yemək bişirirlər. Bir də burda dəyişkən iqlimin olması mənim üçün gözlənilməz oldu. İndi havalar soyuduqca, bir qədər təəccüblənirəm. Halbuki tropik iqlimə malik Hondurasda havalar çox isti keçir.

- Azərbaycan çempionatının səviyyəsi haqda nə deyə bilərsən?
- Bu vaxta kimi gördüklərim haqda yalnız xoş sözlər söyləyə bilərəm. Müsbət hal kimi burda çıxış edən çoxsaylı legionerlərin olmasını qeyd edə bilərəm. Müxtəlif yerlərdən olan hər bir futbolçu öz ölkəsinin oyun üslubunda çıxış edir ki, bu da qarşılaşmaların maraqlı alınması ilə nəticələnir. Xoşuma gəlməyən yeganə cəhət millinin oyunları ilə bağlı çempionatda uzunmüddətli fasilələrin yaranmasıdır. Həmin fasilələr komandalara pis təsir edir. Əziyyət çəkib formaya düşürük ki, birdən fasilə yaranır. Belədə hər şeyə sıfırdan başlamalı oluruq.

- Azərbaycanla Honduras çempionatını müqayisə etsək, hansının daha maraqlı olduğunu deyə bilərsən?
- Fikrimcə, burdakı çempionat daha güclü və maraqlıdır. Honduras çempionatındakı komandalar futbolu ləng oynayırlar. Qısa ötürmələrə üstünlük verirlər. Azərbaycanda isə daha sürətli oynayaraq, 3-4 ötürmə ilə rəqib qapısına yaxınlaşırlar. Bu oyunun maraqlı alınmasında futbolçuların rolu böyükdür. Fikrimcə, azərbaycanlı futbolçuların fərdi keyfiyyətləri yüksəkdir. Milli komandalar səviyyəsində qarşılaşsaq, bəlkə də sizinkilər Hondurası məğlub edə bilər.

- Son vaxtlar Honduras mətbuatında sənə maraq artmaqdadır. Bu əvvəl də belə idi, yoxsa Azərbaycana gəlişin onları buna məcbur edib?
- Düzü, orda olanda daha çox maraqlanırdılar. Hətta arada həyat yoldaşım zarafatla deyirdi ki, sən onlara pul verirsən ki, şəkillərin, müsahibələrin qəzetlərdə dərc olunsun (gülür). Ola bilsin, iki ölkə arasındakı yol və zaman fərqi onların mənə marağını bir qədər azaldıb.

- Yığmanız növbəti il təşkil olunacaq DÇ-yə yollanacaq. Sənin də həmin turnirdə iştirak etmək şansın varmı?
- Faizlə götürsək, şansımı "100" ilə dəyərləndirərdim. Ancaq qarşıda hələ çox vaxt var. Bilmək olmaz, o vaxta kimi kim necə çıxış edəcək, kim zədələnəcək. İstənilən honduraslı futbolçunun ora yollanmaq şansı var. Kim yaxşı mövsüm keçirəcəksə, o da DÇ-yə yollanacaq.

- Hücumdakı əsas rəqiblərin kimlərdi?
- "İnter"dən tanıdığımız David Suazo, ölkəmdə "Real Espana"nın şərəfini qoruyan 33 yaşlı Karlos Pavon və Polşa çempionatının birinci divizionunda çıxış edən Karlos Kostli. Qeyd edim ki, Pavon Honduras tarixində millinin heyətində ən çox qol vurmuş futbolçudur. Yığmamızın əvəzolunmaz ismidir.

- Xəbərin varmı ki, adın Azərbaycanın futbolunun tarixinə düşə bilər.
- Doğrudan (təəccüblənir)?

- Bu vaxta kimi heç bir futbolçu çempionatımızda çıxış edə-edə AÇ və DÇ-yə yollanmayıb. Bu ilki sən gerçəkləşdirə bilərsən.
- Deməli, bu mənim üçün növbəti hədəf oldu.

- Ölkəmizə ilk gəldiyin vaxtlarda əsasən ehtiyatda otururdun. Son vaxtlar isə vurduğun qolların arası kəsilmək bilmir. Belə yüksək məhsuldarlıq sərgiləməyin nəyin nəticəsidir?
- Birinci turda çıxış etməməyim transfer vərəqimin gəlməməsiylə bağlı idi. "Turan"a qarşı oyunda çıxışımın istənilən səviyyədə alınmamasını zədəylə əlaqələndirərdim. Bundan başqa, getdiyi yerə uyğunlaşmaq üçün istənilən futbolçuya müəyyən vaxt lazım olur. Azərbaycan çempionatının səviyyəsini, burdakı oyun üslubunu bilməyim üçün zamana ehtiyac vardı. Yaxşı ki, bütün bunlar üçün çox vaxt itirmədim.

- "Xəzər Lənkəran"da "12" nömrəli formanı geyirsən. Halbuki həmin nömrə altında əsasən qapıçılar çıxış edir...
- Ən çox sevdiyim nömrə "17"di. Mən bura gələndə o nömrəni Ramazan Abbasov ələ keçirmişdi deyə, bir söz deyə bilmədim. Ona görə "12"ni seçməli oldum. Axı yığmada çıxış edərkən bu nömrəli formanı geyirdim.

- Ağasəlim Mircavadov öncə çalışdığın məşqçilərdən hansı keyfiyyətlərinə görə fərqlənir?
- Əvvəlcə mənə göstərdiyi inam və etibara görə baş məşqçimizə minnətdarlığımı bildirmək istəyirəm. Ağasəlim bəy daha tanınmış Argentina və Braziliya, yaxud bura qonşu olan Türkiyə və Rusiya bazarına üz tuta bilərdi. Axı Honduras o qədər də tanınan ölkə deyil. Ancaq mənə güvəndi və özümü göstərmək imkanı verdi. Fərqlənməyinə gəlincə, məşqçimiz sərəncamında olan futbolçulardan necə yararlanmağı yaxşı bilir. Hiss olunur ki, futbol fəlsəfəsi genişdir.

- Bir az da şəxsi həyatın haqda danışaq. Amerika qitəsindən Lənkərana gəlib yaşamaq çətin deyil ki?
- Sizi inandırım ki, burda hər şey ürəyimcədir. Lənkəran Bakıdan heç də geri qalmayan şəhərdir. Əsas odu ki, Azərbaycanda özümü xoşbəxt sayıram.

- Şəhərdə gəzərkən azarkeşlər səni tanıyırmı?
- Əlbəttə. Gəlib şəkil çəkdirir, avtoqraf alırlar. Heç yadımdan çıxmaz, bir dəfə şəhərdə gəzərkən azarkeşlər yaxınlaşıb, "Real Espana"nın heyətindəki şəkilimi uzadaraq, imza atmağımı istədilər. Bir anlıq yerimdə donub qaldım.

- Komanda yoldaşların arasında kiminlə dostluq edirsən?
- Denis Silvayla.

- Boş vaxtlarında nə ilə məşğul olursan?
- Asudə vaxtlarımda dostlarımla Bakının mərkəzində yerləşən Meksika restoranına baş çəkir, pasta yeyirik (Hondurasda italyan spaqettisi pasta adı ilə tanınır). Bundan başqa, braziliyalı dostlarımın evinə gedib, ailəvi söhbətləşirik.

- Azərbaycan mətbəxinə baş çəkirsən? Ən çox sevdiyin yerli xörək hansıdır?
- Demək olar, çox vaxt Azərbaycan yeməkləri yeyirəm. Ancaq burdakı çörəklər daha çox xoşuma gəlir.

- Ailəlisən?
- Bəli, Aylin adında bir qızım var. Dekabrda 3 yaşı olacaq.

- Onları da Azərbaycana gətirmisən?
- Həyat yoldaşım burdadır. Ancaq övladım hələ ki, vətənimdədir. Tezliklə onu da bura gətirəcəm ki, Azərbaycan dilini öyrənsin.

- Həyata keçirə bilmədiyin arzun varmı?
- Əsas arzum Avropada çıxış etmək idi ki, buna da nail oldum. Sonra şərəfini qoruduğum klubda çempion olub, bombardir adını qazanmağı istərdim. Ən böyük arzum isə Çempionlar Liqasında çıxış etməkdi.

Mənbə: “Futbol+” qəzeti