Duman, salamat qal, dağ, salamat qal!
03.11.2009 - 15:03
Duman, salamat qal, dağ, salamat qal!
Gürcüstan milli komandasının rəhbərliyi daha bir əcnəbi baş məşqçi ilə yollarını ayırır. Apasport.az saytının məlumatına görə, son seçmə mərhələdə yığmanı çalışdırmış Ektor Kuper vəzifəsindən ayrılmaq qərarına gəlib. Argentinalı mütəxəssis bu addımını Gürcüstan komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində bir qələbə belə qazanmaması ilə əsaslandırıb. Kuperin Gürcüstan Futbol Federasiyası ilə bağlı rəsmi müqaviləsinin müddəti gələn ay başa çatacaq. Tərəflər anlaşmanın vaxtının uzadılmamasını ən yaxşı variant sayıblar.

Son seçmə mərhələni qrup sonuncusu kimi başa vuran Gürcüstan yığması keçirdiyi 10 oyunun 7-də uduzub. Qonşu ölkənin futbolçuları 3 heç-heçə sayəsində cəmi 3 xal qazanıblar. Gürcülər seçmə mərhələdə vurduqları 7 qolun əvəzinə 19-unu buraxıblar.

Müxtəlif klublarda işləmiş argentinalı məşqçi İspaniyada “Valensiya”, “Malyorka”, “Betis”, İtaliyada “İnter” və “Parma”nı çalışdırıb. Kuper Gürcüstan milli komandasında işlədiyi dövrdə ölkəmizdə çıxış edən iki futbolçunu - “İnter”in qapıçısı Georgi Lomaya ilə “Simurq”un müdafiəçisi Teymuraz Qonqadzeni mütəmadi yığmaya çağırırdı. Eyni sözləri “Qəbələ” klubundan qovulan qapıçı Zurab Mamaladzeyə də şamil etmək olar.

Qeyd edək ki, 17 illik tarixində Gürcüstan mili komandasının daha 4 əcnəbi baş məşqçisi - hollandiyalı Yohan Boskamp (1998-ci il), xorvatiyalı İvo Şuşak (2003-cü il), fransalı Alan Jiress (2004-2005-cü illər), almaniyalı Klaus Topmöller (2006-2008) olub. Ancaq nə onlar, nə də yerli məşqçilər böyük potensiala malik yığmanı dünya və qitə çempionatlarının heç pley-off oyunlarına çıxara biliblər.